close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib

25-05-2026

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” və “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, onun yaratdığı memarlıq nümunələrinin dünya memarlıq tarixində mühüm yer tutduğunu qeyd edib. Professor bildirib ki, dahi memarın müəllifi olduğu abidələr yüksək sənətkarlıq xüsusiyyətləri, estetik gözəlliyi və mühəndislik dəqiqliyi ilə seçilir. Natiq vurğulayıb ki, görkəmli memarın yaradıcılığı təkcə Azərbaycan deyil, ümumilikdə Şərq memarlıq ənənələrinin inkişafına mühüm təsir göstərib.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə yaşamış, Naxçıvan memarlıq məktəbinin əsasını qoyaraq Şərq memarlığının inkişafına böyük töhfə vermiş görkəmli Azərbaycan memarıdır və bu abidələr əsrlər boyu öz əzəmətini qoruyub saxlayıb, Azərbaycan xalqının zəngin mədəni irsinin parlaq nümunələrinə çevrilib.

Memarlar İttifaqının sədri, Əməkdar memar, pofessor Elbay Qasımzadə bildirib ki, Azərbaycan memarlıq tarixində elə şəxsiyyətlər vardır ki, onların yaratdığı sənət nümunələri  əsrləri aşaraq bu gün də xalqın milli kimliyini, estetik düşüncəsini və mədəni gücünü yaşadır. O,  bu böyük sənətkarların sırasında XII əsrin dahi memarı Əcəmi Naxçıvaninin xüsusi yer tutduğunu və onun adının yalnız Azərbaycan memarlığı ilə deyil, bütövlükdə Şərq memarlıq məktəbi ilə bağlı böyük bir zirvə olduğunu diqqətə çatdırıb. Həmçinin, professor memarın yaratdığı tikililərdə həndəsi ornamentlərdən, kufi yazılarından və milli memarlıq elementlərindən məharətlə istifadə olunmasını xüsusilə vurğulayıb.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə Naxçıvanda fəaliyyət göstərərək “Naxçıvan memarlıq məktəbi”nin banisi kimi tanınmış, memarlıqda konstruktiv yeniliklərlə bədii-estetik harmoniyanı birləşdirmiş və yaradıcılığı Azərbaycan Atabəyləri dövrünin siyasi-mədəni yüksəlişi ilə sıx bağlı olmuş, böyük sənətkar olaraq Möminə Xatun və Yusif Küseyir oğlu türbəsi kimi möhtəşəm abidələr yaratmış və bu əsərlər orta əsr Azərbaycan memarlıq sənətinin yüksək inkişaf səviyyəsini nümayiş etdirmişdir.

Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan xalqının yetişdirdiyi ən böyük memarlardan biridir və onun 900 illik yubileyi milli-mədəni irsimizin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, yaratdığı sənət nümunələri gələcək nəsillər üçün həm elmi-tədqiqat mənbəyi, həm də estetik ilham qaynağı kimi yaşayacaqdır.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, Əcəmi Naxçıvaninin memarlıq fəaliyyətində mühəndislik dəqiqliyi ilə bədii-estetik kamillik vəhdət təşkil etmiş, onun layihələndirdiyi tikililər dövrün elmi-texniki imkanlarını əks etdirən nadir sənət nümunələri kimi həndəsi ornamentlər, kufi xətti ilə işlənmiş kitabələr, mürəkkəb kompozisiya quruluşları və simmetrik memarlıq sistemi ilə seçilmişdir.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq prinsipləri sonrakı dövrlərdə Azərbaycanla yanaşı, İran, Orta Asiya və Yaxın Şərq memarlığına da ciddi təsir göstərib, xüsusilə türbə memarlığında onun tətbiq etdiyi kompozisiya sistemi uzun müddət memarlar üçün örnək olub, bu baxımdan Əcəmi Naxçıvani yalnız milli memar deyil, dünya memarlıq tarixində öz izini qoymuş böyük sənətkardır.

AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Rahibə Əliyeva Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində dövrün ictimai-mənəvi həyatını, dini-fəlsəfi və sənət görüşlərini dolğun əks etdirməklə əbədiyyət, axirət dünyasına qovuşmağı sanki qarşısına məqsəd qoyduğunu və buna nail olduğunu bildirib. O, qeyd edib ki, insan bacarığının ən ulu təzahürü olan bədii yaradıcılıq, sənətkarlıq onun yaratdığı türbə-xatirə tikililərində öz təcəssümünü tapmışdır və bu nadir abidələr memarın yaratdığı Möminə xatun türbəsinin frizində həkk etdiyi “Biz öləcəyik, bu isə yadigar qalacaq” sözlərini doğruldaraq onun istedad sahibi olduğunu bir daha sübut edir və xatirəsini əbədiləşdirir.

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov biblioqrafik göstəricinin elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıdığını və bu nəşrin gələcək tədqiqatlar üçün dəyərli vəsait olacağını bildirib. Vurğulayıb ki, belə nəşrlər milli-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi rol oynayır.

BDU-nun Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova bildirib ki, indiyə kimi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməyib. Bunu nəzərə alaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanıb. Bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirib. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunub, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılıb.

Tədbirin gedişində “Memar Əcəmi Naxçıvani-900” (https://anl.az/el/emb/Ecemi.Naxcivani/index.html) Elektron məlumat bazasının  təqdimetmə mərasimi baş tutub. Bazada böyük memarın həyat və yaradıcılığı ilə bağlı zəngin materiallar – rəsmi sənədlər, haqqında fikirlər,  kitablar, elmi məqalələr, qəzet və jurnal materialları, həmçinin müxtəlif dillərdə nəşr edilmiş kitablar, foto və videolar sistemli şəkildə oxuculara təqdim olunub.

Tədbirin sonunda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov biblioqrafiya kitabının hazırlanmasında əməyi keçən əməkdaşlara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkilib.

 

icon

Foto qalereya