close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Kitabxanaşünas alim – Elçin Əhmədov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

27-10-2021

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən kitabxanaşünas alim, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədovun həyat və fəaliyyətinə həsr olunan “Kitabxanaşünas alim – Elçin Əhmədov” adlı virtual sərgi hazırlanıb.

Dəyərli alim 1961-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil almışdır. Kitabxanaşünas alim 1989-cu ildə Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda (Moskva) təhsil alıb. 1994-1998-ci illərdə Kitabxanaçılıq fakültəsində aspirantura təhsili alıb. Elçin Əhmədov “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1979-cu ildən əmək fəaliyyətinə başlayaraq Basarkeçər rayon, Dərə kənd kitabxanasında müdir, 1988-1993-cü illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist, metod şöbənin müdiri vəzifələrində çalışıb. 1994-cü ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında çalışır.

Tanınmış alim “Kitabxanaşünaslığa giriş”, “Kitabxana-informasiya fəaliyyətinin texniki vasitələri”, “Dünya milli kitabxanaları”, “Azərbaycanda kitabxana işinin hüquqi təminatı” və s. fənləri tədris edir. 5 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Elçin Əhmədov Müstəqillik illərində Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidməti, xarici kitabxanaşünaslıqda uşaq mütaliəsi problemi sahəsində tədqiqat aparır. Zəhmətkeş alim həyatını Azərbaycanda kitabxana işinin inkişafına, çiçəklənməsinə həsr edib.

O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU-nun Fəxri fərmanlarına layiq görülmüşdür.

Virtual sərgidə Elçin müəllimin müəllifi olduğu, rəy verdiyi kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linkindən istifadə edə bilərlər.