27-03-2026
27 mart 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan elminin zəngin tarixinin və nailiyyətlərinin təbliği, həmçinin gənclərin elmi fəaliyyətə cəlb olunması, onların innovativ düşüncə tərzinin formalaşdırılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə “27 mart — Elm Günü” adlı ənənəvi və “Azərbaycan Milli Elmlər Akademiyası” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, Azərbaycanda elmin inkişafı, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, tarixi, elmin inkişaf mərhələləri, elm ocağının təsisçiləri, Azərbaycan alimləri, elmi tədqiqatlar, ayrı-ayrı institutlarının nəşrləri, elmi əsərləri, elmi jurnallar və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Milli Kitabxananın görkəmli elm xadimləri haqqında nəşr etdiyi biblioqrafiyalar nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/AMEA/index.htm linkindən istifadə edə bilərlər.
Hər il 27 mart tarixində Azərbaycanda “Elm Günü” qeyd olunur. Bu təqvim günü elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda 27 mart tarixinin “Elm Günü” kimi seçilməsi heç də təsadüfi deyil. Bu tarix müstəqil respublikamız üçün əlamətdar bir vaxta, Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf edir.
Hazırda Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Elmi fəaliyyətin gücləndirilməsi, innovasiyaların tətbiqi və müasir texnologiyaların inkişafı istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə ölkədə müxtəlif dövlət proqramları həyata keçirilir, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası gücləndirilir, alim və tədqiqatçılar üçün yeni imkanlar yaradılır.Eyni zamanda, Azərbaycan alimləri beynəlxalq elmi mühitdə fəal iştirak edir, nüfuzlu konfranslarda çıxış edir və müxtəlif ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq edirlər. Bu isə Azərbaycan elminin dünya elminə inteqrasiyasını daha da sürətləndirir.