24-03-2026
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.
Səfərin ilk hissəsində Kərim Tahirov Xarici Ədəbiyyat Milli Kitabxanasında olub. Qonaqları kitabxananın direktoru İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 000-dən çox ədəbiyyat vardır.
Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Həmçinin Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib. Oxu zalında müasir və rahat şərait, istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib. Bununla yanaşı, kitabxananın digər bölmələri və xidmət sahələri də təqdim olunub.
Daha sonra professor Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, bu kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.
Parlament Kitabxanasının rəhbəri Szollas Peter professor Kərim Tahirova kitabxananın fəaliyyəti barədə geniş təqdimat edib. Bildirilib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Həmçinin, professor Kərim Tahirov Parlament binası ilə yaxından tanış olub, burada tarixi və mədəni əhəmiyyət daşıyan zallarda gəzdirilərək binanın zəngin irsi və arxitekturası barədə məlumatlandırılıb.
Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu kitabxana rəhbərinə bildirib.
Səfər zamanı professor Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən “Macarıstan Parlament Kitabxanası”, “Budapeştdə Parlament binası və XIX əsrin digər parlament binaları”, “Macarıstanın Müqəddəs Tacı və tacqoyma regaliyaları” nəşrləri hədiyyə olunub.
Professor Kərim Tahirov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycan ilə Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.