25-11-2025
Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olub.
Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.
Milli Kitabxanada “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-cil il tarixli sərəncamına əsasən “Fətəli xan Xoyski – 150” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu, xarici siyasəti, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti sənədlər toplusu, Fətəli xan Xoyskinin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və Nazirlər Şurasının sədri kimi apardığı diplomatik danışıqlar, parlament çıxışları və dövlət quruculuğu sahəsindəki təşəbbüsləri və s. mövzularda ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.