close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Zərifə Əliyeva – 100” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

28-04-2023

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir.

Zərifə Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərib. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, mürəkkəb əməliyyatlar aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.