close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Bu həmin Elçindir” adlı metodik vəsait istifadəçilərə təqdim olunub

21-02-2023

Müasir Azərbaycan ədəbiyyatının böyük nümayələrindən biri Elçin Əfəndiyev qələmə aldığı əsərlərin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca xüsusiyyətlərdəndir.

2023-cü ilin may ayında Xalq yazıçısı, professor Elçin Əfəndiyevin anadan olmasının 80 ili tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Bu həmin Elçindir” adlı metodik vəsait hazırlanıb. Təqdim olunan metodik vəsaitdə “Xalq yazıçısı Elçinin təltifləri”, “Elçin yaradıcılığının mədəniyyət müəssisələrində təbliği”, “Elçinin kitab haqqında fikirləri”, “Ədəbiyyat, incəsənət, dövlət xadimləri və oxucuları Elçin haqqında”, “Elçinin son 10 il ərzində çap olunan əsərlərinin və haqqında ədəbiyyatın biblioqrafik göstəricisi”, “Elçinin tamaşaya qoyulmuş dram əsərləri” və bir sıra başqa bölmələr verilib. Metodik vəsait Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və kitabxana filialları, müstəqil kitabxanalar, habelə Xalq yazıçısı Elçinin yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/Elcin(2).pdf linkindən istifadə edə bilərlər.