close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

16-12-2025

Milli Kitabxanada Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, musiqişünas alim İmruz Əfəndiyevanın 90 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə əsərləri, Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş tədqiqat işləri, elmi-tədqiqat və publisistik məqalələrin toplusu, tərtibçi, rəyçi və elmi redaktor olduğu Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

İmruz  Məmməd Sadıx qızı Əfəndiyeva 1935-ci il dekabrın 16-da Bakıda anadan olub.

İmruz xanım musiqişünas və pedaqoq kimi 1960-cı ildən başlayan fəaliyyəti ilə musiqi sənətinə və musiqi elminə bir çox dəyərli töhfələr verib. O, musiqişünas kimi musiqinin bir sıra janrları üzərində tədqiqatlar aparmış, öz elmi əsərləri və axtarışları sayəsində 300-dən artıq qəzet və jurnal məqaləsinin, populyar oçerklərin, tədqiqatların, dərsliklərin, kitab və monoqrafiyaların müəllifidir.

Professorun müxtəlif illərdə Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş tədqiqat işləri, o cümlədən, "Bəstəkar Telman Hacıyev" (Bakı, 1985), "Sevda İbrahimovanın yaradıcılığında uşaq musiqisi" (Bakı, 2002), eləcə də Tofiq Quliyev, Emin Sabitoğlu, Tofiq Bakıxanov, Oqtay Rəcəbovun yaradıcılıq portretləri və s. 2005 - ci ildə uğurla müdafiə etdiyi "Vasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində" adlı doktorluq dissertasiyası xüsusilə diqqətəlayiqdir.

Professor İmruz Əfəndiyevanın rəhbərliyi altında bir neçə alimlər yetişib.

Özünün fəal elmi və ictimai fəaliyyətinə görə İmruz Əfəndiyeva daim yüksək diqqət və hörmətə layiq görülüb. O, 1986-cı, 2005-ci, 2012-ci və 2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilib, 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

icon

Foto qalereya