01-05-2026
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və qabaqcıl iş metodlarının mənimsənilməsi məqsədilə Milli Kitabxanada təcrübə keçiblər.
Təcrübə müddətində iştirakçılar Milli Kitabxanada tətbiq olunan müasir idarəetmə mexanizmləri, fondların formalaşdırılması və təşkili prinsipləri, informasiya xidmətlərinin təqdim edilməsi üsulları, həmçinin rəqəmsallaşdırma prosesləri və elektron resursların idarə olunması sahəsində mövcud qabaqcıl təcrübə ilə yaxından tanış olublar.
Proqram çərçivəsində həmçinin kitabxana işində beynəlxalq standartların tətbiqi, informasiya mübadiləsi sistemlərinin inteqrasiyası, istifadəçi yönümlü xidmət modellərinin qurulması və müasir texnologiyaların kitabxana fəaliyyətinə tətbiqi məsələləri də diqqət mərkəzində saxlanılıb.
Qeyd olunan təcrübə proqramında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, eləcə də Naxçıvan şəhər, Şərur, Ordubad və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərini təmsil edən ümumilikdə 10 nəfər kitabxana mütəxəssisi iştirak edib.