close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” adlı biblioqrafiyanı nəşr etdirib

11-02-2022

         M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” adlı biblioqrafiyanı nəşr etdirib.

         Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır.

         Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ictimai xadim Mirzə İbrahimov haqqında ilk biblioqrafiya yazıçının anadan olmasının 55 illiyi əlaqədar 1966-cı ildə (Mirzə İbrahimov: biblioqrafiya / Tərt.ed. M.İbrahimova; red. N.F.Axundov; Azərb.SSR EA-nın Əsaslı Kitabxanası.– Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1966.– 128 s.), ikinci biblioqrafiya isə yazıçının anadan olmasının 100 illiyi əlaqədar (Mirzə İbrahimov: biblioqrafiya / Azərb. Milli Elmlər Akademiyası. Mərkəzi Elmi Kitabxana; tərt.-müəllif. A.Əliyeva-Kəngərli, İ.Səfərov; red. T.Əhmədov, F.Hüseynova.– Bakı: Elm, 2013.– 460 s.) tərtib edilmişdir.

         Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik Mirzə İbrahimov” fundamental biblioqrafiyası isə Azərbaycanın görkəmli yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisisti, ictimai-siyasi xadim Mirzə İbrahimovun anadan olmasının 110 illiyinə həsr edilmişdir. Biblioqrafiyanın elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, ön söz müəllifi isə akademik, Əməkdar elm xadimi İsa Həbibbəylidir.

         Azərbaycan Milli Kitabxanasının hazırladığı bu fundamental biblioqrafiya 1930-2021-ci illərin materiallarını əhatə edir. Biblioqrafiyada Mirzə İbrahimovun kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunmuş əsərləri, yazıçının həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapmışdır. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilmişdir. Biblioqrafiyada ədibin əsərləri, həyat və yaradıcılığı haqqında material, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilmişdir. Biblioqrafiyada ilk dəfə yazıçının dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri “Mirzə İbrahimov dünya kitabxanalarında” və “Mirzə İbrahimov dünya universitet kitabxanalarında” bölmələrində öz əksini tapmışdır.

         Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

         Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/M.ibrahimov.pdf linkindən istifadə edə bilərlər.