close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mustafa Çəmənli” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

09-09-2022

Sentyabrın 10-da görkəmli nasir, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin 75 illik yubileyi tamam olur.

M.Çəmənli bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. “Ləpirlər” adlı ilk hekayəsi 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində dərc olunmuşdur. Yazıçının uzun araşdırmalarının nəticəsi olan tarixi romanları oxucular tərəfindən ən çox oxunan kitabların siyahısına düşmüşdür. “Xallı gürzə” romanı 5 dəfə böyük tirajla nəşr edilmiş, tarixi romanlar arasında öz layiqli yerini tutmuşdur.

M.Çəmənlinin xalqımıza etdiyi ən dəyərli xidmətlərdən biri də Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xidmətləri olan görkəmli sənətkarlar haqqında ərsəyə gətirdiyi kitablardır. “Nəğməli xatirələr” (Əbülfət Əliyev haqqında xatirə-povest), “Muğam dünyasının Xanı”, “Səsin ruhu” (Səxavət Məmmədov haqqında), “Oxu gözəl...” (Şövkət Ələkbərova haqqında), “Sənətkar ömrünün izləri” (Xanlar Haqverdiyev haqqında), “Leyli və Məcnun - 100 il səhnədə” (sənədli-bədii ensiklopediya), “Sənət hekayələri” əsərləri belə gərgin əməyin nəticəsidir. Heydər Əliyev Fondunun “Azərbaycan Respublikasının Xalq artistləri” silsiləsindən nəşr etdiyi - “Arif Babayev - 70”, “Habil Əliyev - 80”, “Əlibaba Məmmədov - 80”, “Əlibaba Məmmədov: Ürək deyir, yaşa hələ...”, “Canəli Əkbərov - 70”, “Ağaxan Abdullayev - 60” albom kitablarının mətn müəllifidir. Bununla yanaşı onlarca kitabın tərtibçisi və ön sözün müəllifidir.

M.Çəmənli milli musiqi ifaçılığı sənətinin təbliğinə görə 1993-cü ildə Mətbuat Fondunun “Dan ulduzu” mükafatına, ön cəbhədəki çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna, “Xallı gürzə” tarixi romanına görə “Yaddaş” milli mükafatına layiq görülmüşdür. Milli Mədəniyyətin Təbliği Mərkəzinin “Uğur” - 2008, “Mübariz” povestinə görə “Kaspi” qəzetinin xüsusi mükafatı ilə, “Ölüm mələyi” tarixi romanına görə “Qızıl kəlmə” ədəbi mükafatı ilə (2013) təltif edilmişdir. 2010-cu ildə Prezident təqaüdçüsü olmuşdur. 2018-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Mustafa Çəmənlinin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mustafa Çəmənli” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Mustafa Çəmənlinin müəllifi, redaktoru, tərtibçisi olduğu kitablar, məqalələr, eləcə də haqqında yazılan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mustafa_Cemenli/index.htm linkindən istifadə edə bilərlər.

Eyni zamanda Milli Kitabxanada Mustafa Çəmənlinin həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılıb.