close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada gənc yazar Ramil Bəylərlinin “Vətən uğrunda” adlı kitabının təqdimat mərasimi keçirilib

29-07-2022

İyulun 29-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada gənc yazar Ramil Bəylərlinin “Vətən uğrunda” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq qonaqları salamlamış, Açıq Kitabxanada mütaliənin təbliği məqsədilə həyata keçirilən müxtəlif layihələrdən danışmış, təqdimatı keçirilən kitabın 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr olunduğunu, müəllifin eşitdikləri əsasında qələmə aldığı döyüş səhnələrinin insanda canlı təəssürat yaratdığını söyləmişdir. Altay adlı gəncin həyat yolu, cəbhədəki mübarizəsi, şücaəti və şəhidlik zirvəsinə yüksəlməsinin əks olunduğunu söyləyən direktor müavini müəllifin bu ilk kitabının başlanğıc üçün gözəl və təsirli əsər olduğunu qeyd etmiş, sözü müəllifə vermişdir.

Müəllif hər kəsi salamlamış, hərbçi ailədə böyüdüyünü, qazilərlə görüşlərindən, söhbətlərindən, müharibə dövründəki proseslərdən təsirlənərək vətənpərvərlik ruhunda yazılmış bu kitabı qələmə aldığını söyləmiş və Milli Kitabxanaya təqdimatın təşkilinə görə təşəkkürünü bildirmişdir.

Açıq Kitabxana “Könüllülər Qrupu”nun üzvü İsmixan Babayev əsər haqqında danışmış, kitabda təsvir edilmiş hadisələri qısaca şərh etmişdir.

Kitabın redaktoru Ülkər Hacıyeva, kitabxananın əməkdaşları Təranə Cəfərova və Aygün Koçak da müəllifə ərsəyə gələn gözəl əsərə görə təşəkkür etmiş, yaradıcılıq yolunda uğurlar arzulamışlar.

Sonda direktor müavini Ədibə İsmayılova gənc müəllifə bu yolda uğurlar arzulamışdır.

Müəllif tərəfindən imzalı kitablar qonaqlara təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.

icon

Foto qalereya