21-05-2026
21 may tarixində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Şəhərsalma və Memarlıq ili” (Azərbaycan və ingilis dillərində) mövzusunda Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq şəhərsalma və memarlıq sahəsinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq layihələri şəhərlərin müasir simasının formalaşmasına və infrastrukturun inkişafına mühüm töhfə verir.
Professor qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası, yeni yaşayış məntəqələrinin salınması Azərbaycanın memarlıq ənənələrinin qorunması ilə yanaşı, regionun davamlı inkişafına da xidmət edir. O, vurğulayıb ki, Qarabağda həyata keçirilən quruculuq işləri yalnız infrastruktur layihələri deyil, həm də milli-mədəni irsin yenidən dirçəldilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra “Şəhərsalma və Memarlıq ili” (Azərbaycan və ingilis dillərində) (https://anl.az/el/emb/Sehersalma_ve_Memarliq/index.html) mövzusunda Elektron məlumat bazasının təqdimatı keçirilib.
Təqdimat zamanı bildirilib ki, yaradılan elektron məlumat bazası şəhərsalma və memarlıq sahəsində mövcud olan zəngin informasiya resurslarının sistemli şəkildə istifadəçilərə çatdırılması məqsədini daşıyır.
Bazada rəsmi sənədlər, Heydər Əliyev və şəhərsalma, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti, Azərbaycanın qədim və müasir memarlıq nümunələri, elmi məqalələr, kitablar, foto və video materiallar toplanıb. Elektron məlumat bazası Azərbaycan və ingilis dillərində hazırlanıb. Bu isə həm yerli oxucuların, həm də xarici tədqiqatçıların ölkəmizin memarlıq irsi və şəhərsalma siyasəti haqqında daha geniş məlumat əldə etməsinə imkan yaradacaq.