09-04-2026
Aprelin 9-da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Kitabxanaçılıq fakültəsinin IV kurs tələbələrinin Milli Kitabxanaya ekskursiyası təşkil edilib. Ekskursiya tələbələrin əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmək, peşə bacarıqlarını möhkəmləndirmək və gələcək fəaliyyətləri üçün təcrübi vərdişlər qazanmaları məqsədilə keçirilmişdir.
Tələbələr kitabxanaya qeydiyyat qaydaları ilə tanışlıqdan sonra Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədlərin nümayiş olunduğu Heydər Əliyev guşəsini ziyarət edib. Daha sonra gənclər kitabxananın fəaliyyəti, iş rejimi, kitab fondu, xidmət proseslərinin mərhələləri haqqında ətraflı məlumatlandırılıb. Onlara əyani şəkildə kataloqda kitab axtarışı və sifarişi prosesi izah edilib. Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili bölməsində tələbələr elektron resurslar və onlardan istifadə qaydaları ilə tanış olub.
Tələbələr İnformasiya resurslarının komplektləşdirilməsi və Elektron axtarış sistemlərinin inkişafı şöbələrində Azərbaycan və xarici dillərdə olan ədəbiyyatın uçotu, indeksləşdirilməsi və biblioqrafik təsvirlərinin yaradılması qaydaları ilə tanış olublar.
Kitabxananın Sərgi zalı, Tələbə gənclər zalı, Nadir kitablar və kitabxana muzeyi ilə tanışlıq zamanı gənclərə burada mühafizə olunan kitablar, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Not nəşrləri və səsyazmaları şöbəsində qorunan səsyazmaları, not əsərləri və digər musiqi ədəbiyyatı gənclərin marağına səbəb olub.
Tələbələrə rəhbərlik edən kollecin müəllimləri Cəfərova Alma və Mikayılova Nahidə təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkilib.