close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərginin açılışı olub

01-12-2021

Dekabrın 1-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Açılış mərasimi 1-8 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş Musiqi Festivalı çərçivəsində baş tutub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, çox təəssüf hissi ilə bildirib ki, dünən baş verən hərbi helikopter qəzasında çoxsaylı hərbi rütbəli zabitlərimiz həlak olub. Və ilk öncə qəzada həlak olan hərbiçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O, vurğulayıb ki, Azərbaycan xalqı 30 il ərzində belə hadisələrlə çox rastlaşıb, lakin yenilmədən möhkəmlik göstərərək ön cəbhədə mübarizəsini aparıb.  Bunun nəticəsidir ki, keçən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımızı azad etmişdir. Artıq biz hər yerdə başı uca, Qalib xalq kimi təmsil olunuruq.

Sonra direktor Xalq artisti Tofiq Bakıxanovun zəngin yaradıcılığı, əsərləri haqqında məlumat verib. Bildirib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Onun əsərləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir. O, Tofiq müəllimə möhkəm cansağlığı, həmişə gümrah olmasını və yeni yaradıcılıq uğurları arzulayıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bildirib ki, bu gün bura görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığına həsr olunan musiqi festivalının açılışına yığışmışıq. O, vurğulayıb ki, Bəstəkarlar İttifaqı olaraq biz fəxr edirik ki, belə bəstəkarlarımız vardır. Qeyd olunub ki, Tofiq Bakıxanov operadan başqa bütün janrlarda əsərlər yaradıb. O, ilk dəfə olaraq birpərdəli ballada olan – Xəzər balladasını bəstələyib. Z.Qafarova görkəmli bəstəkarın yaradıcılığı haqqında yazılan ilk kitabın müəllifi olduğunu da iştirakçıların nəzərinə çatdırıb.

Bəstəkarlar İttifaqının məsul katibi, professor Cəmilə Həsənova çıxış edərək Xalq artisti Tofiq Bakıxanovu 91 illik yubileyi münasibətilə təbrik edib. O, bildirib ki, keçən il pandemiya səbəbindən geniş yubiley tədbirləri qeyd edilməmiş, lakin bu il yüksək səviyyədə görkəmli bəstəkarın yaradıcılığına həsr olunan musiqi festivalı keçirilir. C.Həsənova vurğulayıb ki, Tofiq Bakıxanov Abbasqulu ağa Bakıxanovun yaradıcılığına müraciət edərək çoxsaylı romanslar bəstələyib.

Tədbirin davamında görkəmli bəstəkarın ailə üzvləri adından Rəfiqə xanım çıxış edərək bildirib ki, Tofiq Bakıxanov xalqımızın çox sevilən, seçilən bəstəkarlarından biridir.

Sonda çıxış edən bəstəkar özünün geniş yaradıcılıq yolundan bəhs edib və tədbirin belə yüksək təşkil edilməsinə görə Milli Kitabxana rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Görkəmli bəstəkar Tofiq Bakıxanov” (http://anl.az/el/vsb/Gorkemli_bestekar_Tofiq_Bakixanov/index.htm) adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə dahi bəstəkar haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar nümayiş olunur.

Sonra qonaqlar geniş kitab sərgisi ilə tanış olublar.

 

icon

Foto qalereya