close
icon E-kataloq və kitabxana

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində fəaliyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olmuşdur.

15-03-2018

Mart ayının 15-də ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində fəaliyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavinin Ədibə xanım İsmayılova da iştirak etmişdir. İnternet Arxivi haqqında məlumat verən cənab Bryuster Keyl kitabxananın internet səhifəsində təxminən 11 milyon kitab, 4 milyon səs yazısı və 3 milyon video olduğunu bildirmişdir. Qonaq həyata keçirdikləri rəqəmsallaşıdırma layihəsi haqqında ətraflı məlumat vermiş, Fransa Milli Kitabxansaı, İtaliya Milli Kitabxanası, Britaniya Kitabxanası, Konqres Kitabxanası və dünyanın bir sıra tanınmış kitabxanaları ilə kitabların rəqəmsallaşdırılması üzrə əməkdaşlıq etdiklərini bildirmişdir. 20 ildən çoxdur ki, fəaliyyət göstərən kitabxanada gün ərzində təxminən 1000 ədəd kitabın rəqəmsallaşdırıldığını vurğulayan cənab Bryuster Keyl Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq etmə barədə təklif irəli sürmüşdür. Direktor Kərim Tahirov ilk növbədə qonağa öz təşəkkürünü bildirmiş və təklif haqqında düşünəcəklərini, bu barədə qərarını daha sonra bildirəcəyini qeyd etmişdir. Kərim Tahirov həmçinin Milli Kitabxanada da rəqəmsallaşdırma prosesinin aparıldığını, təxminən 30000 qramofon valının rəqəmsallaşdırılaraq CD disklərə köçürüldüyünü və Kitabxananın serverində yerləşdirildiyini vurğulamışdır. Direktor həmçinin Petruçi Musiqi Kitabxanası ilə olan əməkdaşlığımız haqqında məlumat vermiş və dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruçi Musiqi Kitabxanası (IMSLP) saytında yerləşdirildiyini bildirmişdir. Bu kimi əsərlərin dünyanın məşhur veb səhifələrində yerləşdirilməsinin mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd etmişdir.

Qonaq daha sonra Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsini və Nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət etmiş və kitabxana haqqında müsbət fikirlərini bölüşmüşdür. Qonaq həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana ilə də tanış olmuş və bu layihənin çox kreativ və əhəmiyyətli bir layihə olduğunu xüsusilə vurğulamışdır.

Daha sonra Milli Kitabxananın direktoru profesor Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitablarının hədiyyə etmişdir.

Sonda qonaqla birgə xatirə şəkli çəkilmişdir.