close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Abuzər Xələfov – 90” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

24-12-2021

Dekabrın 25-də Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 90 illik yubileyi tamam olur. Professor  Abuzər Xələfov Azərbaycanda Kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaranması, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan görkəmli ziyalılarımızdandır.

Görkəmli kitabxanaşünas alim ömrünün 60 ildən artıq dövrünü kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji əsasları məsələlərini hazırlayıb tətbiq etməklə məşğul olmuşdur. Abuzər Xələfov kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır.

Görkəmli kitabxanaşünas alimin 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Abuzər Xələfov – 90” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli kitabxanaşünas alim Abuzər Xələfov haqqında fotolar, onun mükafatları, müəllifi, redaktoru kitablar, eləcə də həyat və fəaliyyətinə həsr olunan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abuzer_Xelefov_90/index.htm linkindən istifadə edə bilərlər.