30-04-2026
1 may 2026-cı il tarixində Milli Kitabxanada görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə akademikin türkologiya sahəsindəki iri həcimli araşdırmaları, Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlili haqqında, ana dili, nitq mədəniyyətləri, dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı sanballı dərslikləri, fundamental monoqrafiyaları, tərcümələri, elmi-publisistik məqalələrindən ibarət nəşrləri, həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyarlar, Akademik Tofiq Hacıyevin dilçilik görüşləri, filoloji görüşləri və s. mövzularda elmi tədqiqat işləri nümayiş olunur.
Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil alıb. 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 1972-ci ildə professor elmi adını alıb, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Akademik Tofiq Hacıyevin elmi yaradıcılığı Azərbaycan dilçiliyi, ədəbi dil tarixi, dialektologiya, üslubiyyat və ümumtürkoloji tədqiqatların geniş spektrini əhatə edir. “Satira dili” (1975), “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (1977), “Sabir: qaynaqlar və sələflər” (1980), “Molla Nəsrəddinin dili və üslubu” (1983), “Azərbaycan dili tarixi” (K.Vəliyevlə birgə, 1983), “Azərbaycan ədəbi dili tarixi” (II hissə, 1987), “Azərbaycan dili” (Z.Budaqova ilə birgə, 1993), Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999), “Azərbaycan ədəbi dilinin tarixi: 2 cilddə” (2012) və s. sanballı dərsliklər və fundamental monoqrafiyalar hazırlayıb.
Tofiq Hacıyev tərcüməçilik sahəsində də məhsuldar fəaliyyət göstərmiş, Murad Adcinin “Qıpçaq çölünün yovşanı”, “Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və N.Hacıyevanın “Türk dillərinin müqayisəli qrammatikası”, eləcə də İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərlərini Azərbaycan dilinə çevirib.
Görkəmli dilçi alim və türkoloqun elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, 1999-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.