close
icon E-kataloq və kitabxana

Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib

11-11-2025

     Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.

     Tədbirdən öncə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşüb. Görüş zamanı 2022-ci ildə iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası ilə əlaqədar danışılıb və konkret təkliflər müzakirə edilib.

    Tədbirdə Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Hüseynov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbiri açan Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa Albaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Piro Mişa əlavə edib ki, bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlarımız arasında mənəvi və intellektual körpü rolunu oynayır. O qeyd edib ki, belə layihələr iki ölkə arasında qarşılıqlı anlaşma və hörmətin dərinləşməsinə şərait yaradır, gənc nəsillərin bir-birinin mədəni irsi ilə tanış olması üçün əhəmiyyətli platforma təşkil edir. Piro Mişa həmçinin vurğulayıb ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirləri və oxu günlərini təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır.

Səfir Anar Hüseynov çıxışında Azərbaycan ədəbiyyatının zəngin irsini və onun dünya mədəni irsinə töhfələrini diqqətə çatdıraraq, Albaniyada açılan bu bölmənin ölkəmizin mədəniyyətinin təqdimatı baxımından böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan ədəbiyyatı yalnız milli mədəniyyətimizin əks olunması deyil, həm də insanlığın ümumi mənəvi xəzinəsinə dəyərli töhfədir. Anar Hüseynov əlavə edib ki, Albaniyada yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi ölkəmizin mədəniyyətini tanıtmaqla yanaşı, gənc nəslin dünyagörüşünü genişləndirmək üçün də əhəmiyyətli vasitədir. O qeyd edib ki, bu bölmə oxuculara Azərbaycan xalqının tarixi, adət-ənənələri və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verəcək. Səfir çıxışında Azərbaycan və Albaniya arasında mədəni sahədə uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu layihələrin xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu daha da möhkəmləndirdiyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bildirib ki, Albaniyada yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Professor Tahirov qeyd edib ki, bu, yalnız kitab kolleksiyası deyil, həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir. O xatırladıb ki, 2022-ci il oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Albaniya Milli Kitabxanasının daimi guşəsi açılmış və iki kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır. Tahirov bildirib ki, həmin əməkdaşlıq bu gün öz real bəhrəsini verir və Azərbaycan Ədəbiyyatı bölməsinin yaradılması bu əlaqələrin davamı kimi mühüm əhəmiyyət kəsb edir. O həmçinin vurğulayıb ki, belə təşəbbüslər iki ölkə arasında mədəni mübadilə və birgə layihələr üçün yeni imkanlar açır, Azərbaycan ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq üçün önəmli addımdır.

Albaniya Milli Kitabxanası qədim əlyazmalar fonduna malikdir. Bunu nəzərə alaraq, professor Kərim Tahirov, mütəxəssislər tərəfindən qədim kitablar və əlyazmaların araşdırılması ilə bağlı tədqiqatların aparılmasının məqsədəmüvafiq olduğunu bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişaya “Salam Azərbaycan” kitabını və Azərbaycana aid suvenirlər hədiyyə edib.

İştirakçılar Azərbaycan Ədəbiyyatı bölməsi ilə tanış olub, burada nümayiş olunan kitablar, nəşrlərlə maraqlanıblar.

Tədbirin sonunda Azərbaycan heyəti Albaniya Milli Kitabxanası ilə tanış olublar.

icon

Foto qalereya