28-01-2026
28 yanvar tarixində Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Besart Kadia və Albaniya Respublikası səfirliyinin diplomatı cənab Dr. Dorian Koçi Milli Kitabxanada olub. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib. Görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyona yaxın kitab fondu olan Milli Kitabxana dünyanın 90 ölkəsinin milli kitabxanaları ilə kitab mübadiləsini həyata keçirir, 54 ölkənin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
Dirertor Kərim Tahirov Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verərək, Azərbaycan Milli Kitabxanasının Albaniya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2022-ci ildə imzalandığını bildirib.
Cənab səfirin bu səfərinin iki ölkə milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin gələcək perespektivlərinin müəyyənləşəcəyini qeyd edən direktor 2025-ci ildə Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açıldığını xüsusilə vurğulayaraq, Azərbaycan Milli Kitabxanasında da belə bir bölmənin 2 il əvvəl yaradıldığını səfirin diqqətinə çatdırmışdır. Ötən il Tiranada səfərdə olarkən Albaniya Milli Kitabxanası ilə tanışlıq zamanı həmin kitabxananın fondlarında Azərbaycanla bağlı kifayət qədər nəşrlərin, habelə əlyazmalarının mövcudluğu barədə danışan K.Tahirov bu mənbələrin birgə araşdırılması və rəqəmsallaşdırılması ilə əlaqədar qarşılıqlı razılığa gəldiklərini də vurğulamış, Azərbaycan Milli Kitabxanasının fondlarında da Albaniya ilə bağlı mövcud olan materialların da qarşılıqlı şəkildə öyrənilməsi, rəqəmsallaşdırılması və istifadəsinin genişləndirilməsinə də ehtiyac olduğunu bildirmişdir.
Səfir Besart Kadia səmimi qəbula görə təşəkkür edərək Albaniya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu və burada albaniyalı yazıçı və şairlərin səfirlik tərəfindən türk və Azərbaycan dilində nəşr olunmuş kitablarının təqdimatının keçirilməsinin vacibliyinə diqqət çəkmişdir.
Görüşdə hər iki ölkənin kitabxana mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, kitabxanalarda mövcud olan kitablar və əlyazmaların qorunması, rəqəmsallaşdırılması və elmi dövriyyəyə cəlb edilməsi sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi olmuşdur.
Direktor qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Tükənməz Xəzinə” kitablarını hədiyyə edib.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda xatirə şəkli çəkilib.