close
icon E-kataloq və kitabxana

ALİSA proqramının tətbiqi ilə bağlı Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilmişdir.

06-07-2015

06.07.2015-ci il tarixindən etibarən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilmişdir. Bununla əlaqədar 06.07.2015-ci il tarixində Milli Kitabxanada həmin kursların açılış mərasimi keçirilmişdir. Mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, direktor müavinləri Elçin Musayev, Milli Kitabxananın digər əməkdaşları, Ultra şirkətinin mütəxəssisi Sərxan Məmmədov və treninqdə iştirak edən  Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən mütəxəssislər iştirak edirdilər.

Kitabxananın direktoru cənab K.Tahirov kursları açıq elan etmiş, regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsi, həm də ALİSA-da iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışmışdır. Ultra şirkətinin təmsilçisi Sərxan Məmmədov bildirmişdir ki, Ultranın 2 əməkdaşı ALİSA barədə ətraflı məlumat verəcək, iş prinsiplərini öyrədəcək, hər bir rayona test rejimində parol və loqin veriləcəkdir. O, həmçinin müdavimləri iş prosesində fəal olmağa çağırmış, iş zamanı qarşıya çıxan çətinliklərlə bağlı trenerlərə suallar verməyi, mövcud problemləri yerindəcə bildirməyi xahiş etmişdir.

K.Tahirov çıxışında qeyd etmişdir ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə edəcək, sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim ediləcəkdir.

Bütövlükdə Milli Kitabxanada gələcəkdə bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaqdır.