close
icon E-kataloq və kitabxana

Ankarada, Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsi və Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalı açılacaqdır

17-12-2015

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Tomanla görüşmüşdür.

Görüşdə Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması və Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalının açılması məsələləri müzakirə olunmuş, 2016-cı ilin birinci yarısında təntənəli açılış mərasiminin təşkili planlaşdırılmışdır.

Guşədə Azərbaycan həqiqətlərini özündə əks etdirən Azərbaycan tarixi, mədəniyyəti, etnoqrafiyası, ədəbiyyatı, incəsənəti və s. mövzularda kitablar nümayiş olunacaqdır.

Guşədə fəaliyyət göstərəcək virtual oxu zalında bir neçə kompüter vasitəsilə Azərbaycan Milli Kitabxanasının lokal şəbəkəsində yerləşdirilən, internetə çıxışı olmayan kitablar türkiyəli oxucuların, Türkiyədə yaşayan həmyerlilərimizin, eləcə də tədqiqatçıların ixtiyarına veriləcəkdir. Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, dissertasiyalar, notlar, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən qəzet və jurnalların tam komplekti xüsusi hazırlanmış proqram vasitəsilə oxuculara çatdırılacaqdır. Xüsusi hazırlanmış proqram elektron resursların surətinin çıxarılmasına və üzünün köçürülməsinə qadağa qoymaq şərtilə yalnız istifadəyə imkan verəcəkdir.