close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyasının I kitabını nəşr etdirib

09-09-2020

Bu il Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi qeyd edilir. Düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çox­ları həyatını bu yolda qurban vermiş­dir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycan­lılar əzəmətli igidlik göstərmişlər. Bütün bu dünyəvi xidmətləri, müharibədə göstərilən əzmkarlıq və qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Bu məqsədlə Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqra­fi­ya­sını hazırlayıb nəşr etmişdir (prof. K.Tahirovun elmi redaktorluğu və kitabxananın əməkdaşlarının tərtibatçılığı ilə).

Materialların kifayət qədər çoxluğunu nəzərə alaraq bibli­o­qra­fik göstəricinin iki kitabda nəşr edilməsi qərara alınmışdır: 1-ci kitab Azərbaycan və digər dillərdə, 2-ci kitab isə yalnız rus dilində ədəbiyyatı əhatə edir. Oxuculara və mütəxəssislərə təqdim olunan və Azərbaycan dilində ədəbiyyatı əhatə edən bu kitabda mövzu üzrə 4845 adda mənbə toplanmışdır. Burada mü­ha­ribə zamanında və sonrakı illərdə dərc edilmiş kitablar, dövri mətbuatda, dərslik­lər­də, məcmuələrdə çap olun­muş elmi, elmi-kütləvi, publisistik və sənədli ədəbiyyat müvafiq başlıqlar altında qruplaşdı­rıl­mış, müharibə illərində respublikanın fəaliy­yə­ti və qələ­bənin qazanıl­masında nəhəng xidmətinin salna­mə­si tərtib edilmişdir. Kitabda rus dili istisna olmaqla digər xarici dillərdə olan materiallar, eləcə də ilk dəfə olaraq “Dünya kitabxa­na­la­rın­da” və “Dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilib biblioqrafiyaya daxil edilmişdir.

Biblioqrafik göstə­ri­ci­də ədəbiyyat bölmələr daxilində xrono­lo­ji qaydada qruplaş­dırıl­mış, daxildə isə əlifba sırası gözlənil­miş­dir.

Kitabda “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində ‒ əsas hadisələrin xronologiyası”, “Gör­kəm­li şəxsiyyətlərdən sitat­lar” bölmələri də hazırlanıb oxuculara təqdim edilmişdir.

Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə  “Sovet İttifaqı Qəhrəmanlarının adlar göstəricisi”, “Böyük Vətən müha­ri­bəsi iştirakçılarının adlar göstəricisi” və “Müəlliflərin əlifba göstəricisi” başlıqlı köməkçi göstəricilər də verilmişdir.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Az.-1941-1945-muharibesinde.pdf linkindən istifadə edə bilərlər