02-12-2025
2 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları, iştirakçıları salamlayıb. O, Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan, mayası musiqi ilə yoğrulan Tofiq Bakıxanovun Milli Kitabxana tərəfindən yubileylərinin qeyd edilməsinin ənənə şəkli aldığını bildirib, bəstəkarın çoxşaxəli yaradıcılığından danışıb. Professor gənc bəstəkar enerjisi ilə çalışan Tofiq Bakıxanovun əsərlərinin bütün dünyada ən böyük səhnələrdə ifa edildiyini və bəstəkarın bir çox əsərlərinin notlarının Milli Kitabxana tərəfindən dünyaca məşhur Petruççi Musiqi Kitabxanasının (IMSLP) saytında yerləşdirildiyini, bütün bunların mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd edib. Natiq həmçinin, kitabxana tərəfindən hazırlanan və bəstəkara həsr olunmuş biblioqrafiyanın da yaxın günlərdə təqdimatının keçiriləcəyini söyləyib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə adı həmişə xüsusi və böyük hörmətlə tələffüz edilən, istedadlı nəslin nümayəndəsi olan Tofiq Bakıxanovu fenomen şəxsiyyət adlandırıb, əsərlərini yüksək peşəkarlıqla yazıb yaradan bəstəkarın dünyanın müxtəlif ölkələrində səsləndirildiyini söyləyib. O, Bəstəkarlar İttifaqının Ağsaqqallar Şurasının sədri olan Tofiq Bakıxanovun bu gün də çox enerjili şəkildə yazmaq eşqi ilə yaşadığını bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Elnarə Dadaşova çıxışında bu əlamətdar günü xüsusi fərəhli gün adlandırıb, bir bəstəkar kimi formalaşmağında məhz bu ailənin böyük rolundan danışıb, bəstəkarın yubileyi ilə bağlı 2-15 dekabr tarixlərində nəzərdə tutulmuş festivalın proqramı haqqında məlumat verib.
Tədbirin davamında Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent Günay Məmmədova, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin şöbə müdiri Cəfər Qafarlı çıxış edərək fenomenal yaddaşa, yüksək insani keyfiyyətlərə malik olan Tofiq Bakıxanovun geniş yaradıcılıq diapazonu haqqında danışıb və onunla bağlı çoxsaylı elmi əsərlərin meydana gəldiyini, həmçinin bəstəkarın əsərlərinin musiqi məktəb və kolleclərində tədris vəsaiti kimi ifa olunduğunu, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafına təmənnasız xidmət etdiyini qeyd edib, bəstəkarı yubileyi münasibətilə təbrik ediblər.
Sonda Xalq artisti Tofiq Bakıxanov ona olan daimi xüsusi diqqətə, not əlyazmalarının səliqəli mühafizəsinə və tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, eyni zamanda qonaqlara, iştirakçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda elektron sərgi nümayiş edilib, təşkil olunmuş ənənəvi sərgiyə baxış keçirilib.