close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfransda iştirak edib

23-12-2020

YAP Səbail Rayon Təşkilatı tərəfindən təşkil olunan “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirilib. Videokonfrans Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan, dahi şəxsiyyət İlham Əliyevin doğum gününə həsr olunub.

 Videokonfransı giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri, professor Şəmsəddin Hacıyev açaraq konfrans iştirakçılarını salamlamışdır. O, ilk öncə Ali Baş Komandana doğum günü münasibətilə təbriklərini çatdırmışdır. Ş.Hacıyev bildirib ki, Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında cənab Prezidentimizin böyük rolu vardır. Azərbaycan cənab Prezidentimizin rəhbərlik etdiyi 17 il ərzində Cənubi Qafqazın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir. O, bildirib ki, cənab Prezident xarici aparıcı telekanallara, müxtəlif saytlara Dağlıq Qarabağ həqiqətləri haqqında lazımlı informasiyaları çatdırmaqla Azərbaycanın dünyada formalaşan imicini dəyişmişdir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.

Daha sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ilk öncə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi dövründə qazandığı uğurlardan danışıb. O, Ümummilli  Liderin özü qədər inandığı şəxsiyyəti Azərbaycan xalqına təqdim etməsini onun ən böyük xidmətlərindən biri olduğunu qeyd etmişdir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan çox mühüm uğurlara imza atmışdır. Onun əsas nailiyyətlərindən biri günümüzdə Azərbaycan xalqına yaşatdığı Böyük Qələbə Zəfəridir. Kərim Tahirov qeyd etmişdir ki, Kəlbəcərin işğaldan azad olunduğu gün Milli Kitabxana Avropanın 43 ölkəsinin qatıldığı videokonfransda iştirak etmiş və Azərbaycanın haqq səsini, tarixi  Qələbə sevincini konfrans iştirakçılarına çatdırmışdır. O, həmçinin cənab Prezidentimizin informasiya və diplomatiya cəbhəsində də böyük qələbə qazandığını qeyd edərək, bu müddət ərzində cənab Prezidentin informasiya məkanında – çoxsaylı xarici ölkə müxbirlərinə verdiyi təmkinli, səbrli müsahibələrdən danışaraq Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirib. Son olaraq, Kərim Tahirov qeyd edib ki, Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəhbərliyi  ilə qazanılan Qələbə on illər, yüz illər keçsə də, unudulmayacaq, gələcək nəsillər bu Qələbəni öyrənəcək və qürur duyacaqlar.

Videokonfransda Sara xanım Xanlarova, Elçin Əhmədov, Mehman İsmayılov, Təranə Kərimova, Günel Hacıyeva, Zəfər Bayramov, Riyad Rüstəmli, Bəyim Nəbiyeva, Fuad Heydərli və digərlərinin çıxışları da dinlənilmişdir.