close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Beynəlxalq Forumda iştirak etdi

11-03-2021

Azərbaycan Milli Kitabxanası 11 mart tarixində  “Kitabxanalar birliyi: Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri” adlı Beynəlxalq Forumda iştirak etdi.  Beynəlxalq Forumda Rusiya Dövlət Kitabxanası, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər MDB ölkələrinin Milli Kitabxanaları, Rusiya Federasiyasının, Özbəkistanın digər aparıcı kitabxanaları və Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi iştirak etmişlər.                                                                                                                            

Beynəlxalq forumda  2020-ci ildə Milli Kitabxanaların fəaliyyətindən, pandemiya dövründə həyata keçirilən ən yaxşı layihələrdən, Milli Kitabxanaların istifadəçilərin informasiya təminatında rolundan danışıldı.             

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Beynəlxalq Forumun Ekspert  sessiyasında  “İlin ən yaxşı təcrübəsi: Yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxış etdi. Kitabxananın direktoru çıxışında Azərbaycan Milli Kitabxanasının fəaliyyəti haqqında və bütövlükdə Azərbaycan kitabxanalarının pandemiya şəraitində üzərinə düşən vəzifələr ətrafında danışdı. Pandemiya şəraitində ölkənin əsas kitabxanalarının xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini müvafiq şəraitə uyğun qurduğunu qeyd edən K.Tahirov M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn formada oxuculara kitabxana informasiya xidmətinin davam etdirilərək, kitabxananın onlayn xidmətlərinin (biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və metodiki xidmətlər) oxucular üçün aktiv olmasını vurğuladı. Kitabxananın direktoru Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi kitabtoplama kampaniyası haqqında məlumat verdi. O, erməni işğalından azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsullarının tamamilə  yandırıldığını bildirərək hazırda bu kitabxanaların fondlarının bərpası məqsədilə kitabtoplama kampaniyasının keçirildiyini forum iştirakçılarının diqqətinə çatdırmış, habelə Beynəlxalq Forumda  iştirak edən kitabxanaları bu kampaniyaya qoşulmağa çağırmışdır. Bu çağırış kitabxanaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. K.Tahirov həmçinin, 8 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal edilən və 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində erməni işğalından azad etdiyi 10 rayonunun Mərkəzi Kitabxanalarının və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatının - İFLA-nın Prezidenti xanım Kristin Makenziyə müraciət edərək bu vandalizm aktına qiymət verilməsini xahiş etdiyini və 19 yanvar 2021-ci il tarixində İFLA-nın Prezidenti xanım Kristin Makenzidən kitabların yandırılmasının insanlığa yaraşmayan hərəkət olması və bu hadisənin ciddi qınanılması barədə cavab məktubu aldığını bildirmişdir.                   

Beynəlxalq Forumda Azərbaycan Milli Kitabxanasının 2020-ci ildə həyata keçirdiyi layihələr təqdim olunmuşdur. Görkəmli şəxsiyyətlər və əlamətdar tarixi hadisələr haqqında Elektron məlumat bazaları, virtual sərgilər, Milli Kitabxananın nəşrləri böyük maraqla qarşılanmışdır.Təqdim olunan layihələr MDB Milli Kitabxanaları tərəfindən yüksək qiymətləndirilmişdir.