close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Elmira Süleymanova” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

22-07-2022

Müstәqil Azәrbaycanın dövlәtçiliyinin möhkәmlәnmәsindә, demokratik cәmiyyәt quruculuğunda vә insan hüquqlarının qorunmasında Azәrbaycan Respublikasının ilk İnsan Hüquqları üzrә Müvәkkili (Ombudsmanı) Elmira Süleymanovanın mühüm xidmətləri vardır. Bu müqtәdir qadının çoxsahәli fәaliyyәti, zәngin tәcrübәsi ictimai fәaliyyәtlә mәşğul olmaq istәyәn hәr şәxs, xüsusilә gәnclәr üçün gözәl örnәk ola bilәr.

O, çağdaş dövrümüzün ictimai fikir tarixində tanınmış elm xadimi, kimyaçı alim, ixtiraçı, kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının üzvü, neft-kimya və incə üzvi sintez sahəsində tanınmış alim və ictimai xadim, Azәrbaycan Respublikasının İnsan Hüquqları üzrә ilk Müvәkkili (Ombudsmanı) kimi tanınır.

Kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasındakı nailiyyətlərinə görə alim 1979-cu ildə SSRİ-nin “Fəxri kimyaçısı”, ətriyyat, qida, lak-boya sənayesində tətbiq olunmuş ixtiralarına görə “SSRİ ixtiraçısı” fəxri adlarına layiq görülmüşdür. 1997-ci ildə isə Azərbaycanda kimya elminin tərəqqisi və dünya səviyyəsində inteqrasiyası sahəsində xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüş və medalla təltif olunmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) kimi xarici ölkələrdə apardığı genişmiqyaslı fəaliyyəti də ona çoxlu sayda mükafatlar qazandırıb. Azərbaycan Ombudsmanı insan hüquqlarının qorunması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə ABŞ-ın Mədəni Konvensiya qurumu tərəfindən Beynəlxalq Sülh Mükafatına, dinlərarası əməkdaşlığa, beynəlxalq mənəvi dəyərlərə, BMT-nin gücləndirilməsinə, sülh mədəniyyətinin yaradılmasına yardımçı olan şəxslərdən biri olaraq Dinlərarası Sülh Fedreasiyası tərəfindən “Sülh Məramlı səfir” fəxri adına layiq görülmüşdür.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Elmira Süleymanovanın 85 illik yubileyi münasibətilə eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənədlər, fotolar, Elmira Süleymanovanın müəllifi olduğu kitablar, eyni zamanda haqqında yazılan kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elmira_Suleymanova/index.htm linkindən istifadə edə bilərlər.

Eyni zamanda Milli Kitabxanada Elmira Süleymanovanın həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılıb.