close
icon E-kataloq və kitabxana

Frankfurt şəhərində Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir baş tutdu

14-10-2017

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində 14 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə milli pavilyonda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirildi.

Açılış nitqini səsləndirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov Azərbaycandakı alman məskənlərinin yaradılmasının qısa tarixçəsindən bəhs etdi və tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar bir çox tədbirlər, layihələr həyata keçirilməkdədir.

Daha sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımdan bu kimi tədbirlərin daşıdığı önəmdən bəhs etdi. Multikulturalizmin çoxmillətli dövlətlərdə yaradılmasının əhəmiyyətindən danışdı. Qeyd olunan sərəncamla bağlı cari ildə çap olunmuş kitabları qonaqların diqqətinə təqdim etdi.

Kərim Tahirov gələcəkdə Alman tərəfi ilə birlikdə Milli Kitabxananın fondunda olan arxiv materialları əsasında Almaniyada belə kitabların nəşri ilə bağlı layihələrin gerçəkləşdirilməsinin vacib olduğunu bildirdi.

Ardınca Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer, “Avropa Əməkdaşlıq Forumu"nun sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti Samira Patzer İsmailova, “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, Almaniya əyalət parlamentinin sabiq üzvü Dr. Rahim Şmidt çıxışları zamanı Azərbaycan-Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə qonaqlara məlumat verdilər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara "İRS" jurnalının Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə olundu.