22-04-2026
22 aprel 2026-cı il tarixində Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayıb, akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən, Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında tutduğu mühüm yerdən danışıb, müzakirə və təqdimatı keçirilən kitabın Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edildiyini diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının "ana kitabı" və milli kimlik rəmzi kimi dəyərləndirərək, onun öyrənilməsi və təbliğinə böyük önəm verdiyini vurğulayan direktor kitabın 1991-ci ildə ilk dəfə Bakıda, 1994-cü ildə Türkiyənin Bursa va İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəșr edildiyini, 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşrinin “Sirriçində dastan va yaxud gizli Dədə Qorqud-2” adı ilə, 2009-cu ildə isə yenidən işlənmiş və təkmilləşdirilmiş nəșrinin rus dilində çap olunduğunu, yeni bölmələrin əlavə olunduğu “Mifdən Yazıya va yaxud Gizli Dədə Qorqud” adlı tədqiqatın yenə də 2009-cu ildə Bakıda işıq üzü gördüyünü vurğulayaraq hazırda təqdim edilən kitabın bütün əvvəlki nəşrlərin labüd ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr, əlavələrlə təkmilləşdirildiyini, əsər vasitəsilə oxucunun “Kitabi-Dədə Qorqud” mətninin dərin və gizli qatlarına nüfuz etmək, bu qatlardakı mənaların aşkar qata təsir və əlaqəsini müşahidə etmək imkanına malik olduğunu diqqətə çatdırıb.
Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim, böyük yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, Dədə Qorqud aliliyinə veriləcəyini bildirib.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparmış akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi dövlət mükafatına tam layiq olduğunu bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdıraraq akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının Dövlət mükafatına təqdim olunmasını alqışladığını diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Kamal Abdullanı unikal və ensiklopedik zəkaya malik alim və yazıçı adlandırıb, onun “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabından qaynaqlanan həm bədii, həm də elmi yaradıcılığı haqqında danışıb.
Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayıldığını söyləyib, təqdim edilən əsərin dövlət mükafatına tamamilə layiq olduğunu vurğulayıb.
Xalq şairi Vahid Əziz Kamal Abdullanın yaradıcılığında Azərbaycan ədəbi varlığının mükəmməl təhlil edildiyini, bu fundamental tədqiqatın müxtəlif rakurslardan öyrənilməsinin vacibliyini bildirib, kitabın Dövlət mükafatına tamamilə layiq olduğunu xüsusilə qeyd edib.
Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş", "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı", "Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb. Natiq alim və yazıçının əsərləri ilə Dədə Qorqudun fəlsəfəsini açdığını, Azərbaycan və yunan mifologiyalarını müqayisəli tədqiq və təhlil etdiyini, aparılan müqayisələrin oğuzların ana kitabının dünya mədəniyyət inciləri sırasında necə bir mötəbər yer tutduğunu ortaya qoyduğunu qeyd edib və kitabın Dövlət mükafatına layiq olduğunu söyləyib.
Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid, ADPU-nin Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, ADPU-nin professoru Təyyar Cavadov, ADPU Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri prof. Elman Quliyev, ADU-nin prorektoru prof. Həmidə Əliyeva akademik Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi çoxsaylı sanballı əsərləri haqqında, həmçinin müzakirə və təqdimatı keçirilən kitabın orijinallığı barədə danışaraq həmin əsərin Dövlət mükafatı almağa ən layiqli əsər olduğunu bildiriblər.