close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-06-2022

Bu il böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 160 illiyi tamam olur.

Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

Milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçılarından olan M.Ə.Sabir milli ədəbiyyatımızda təkcə satirik poeziya və tənqidi realizmin klassik nümayəndəsi deyil, həm də bir-birindən gözəl uşaq şeirlərinin müəllifi kimi tanınır.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Prezidentin sərəncamı”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər M.Ə.Sabir haqqında”, “Əsərləri”, “Haqqında”, “Sabir və incəsənət”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Elektron məlumat bazasında Mirzə Ələkbər Sabirin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr, tədqiqat işləri, fotolar, portretlər, əsərlərinə çəkilmiş miniatürlər, hazırlanan filmlər və s. yer alır. Elektron məlumat bazasında təqdim olunan materiallar əsasən tammətnləri ilə verilmişdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/M.E.Sabir/index.html linkindən istifadə edə bilərlər.