close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirilib

25-05-2022

Mayın 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, bildirib ki, bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə – Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, yaşadığı illərdən klassikləşən, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin işığına toplaşmışıq. Bu gün təqdim etdiyimiz kitabda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin uzun və şərəfli ömrünün ən yaddaqalan anları, görkəmli incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının sənətkar haqqında fikirləri, maraqlı xatirələri, tanınmış şairlərin yazıçıya həsr edilmiş şeirləri yer alıb. Sənətkarın müxtəlif illərdə yazdığı, tanınmış aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar verilib. Nəşrdə görkəmli yazıçıların öz müasirləri haqqında fikirləri də əksini tapıb. O, bildirib ki, İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Geriyə baxmağa dəyər” adlı əsərlərinin adından ilhamlanaraq fotoalbomun adını məhz “Geriyə baxarkən” seçdik. K.Tahirov vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığına ən qiymətli dəyəri məhz Ulu Öndərimiz Heydər Əliyev cənabları verib və bu qiymətli fikirlər fotoalbomda da əks olunur. Direktor çıxışı zamanı vurğulayıb ki, İlyas müəllimin yaradıcılığı ona görə həmişəyaşardır ki, məhz onun əsərlərində Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz əyani şəkildə təsvir olunub. Həmçinin, o, vurğulayıb ki, görkəmli dramaturqun yaratdığı teatr məktəbi neçə-neçə aktyorlar, rejissorlar yetirib, bu gün isə onun bu ənənəsini oğlu Elçin Əfəndiyev uğurla davam etdirir. Çıxışının sonunda K.Tahirov vurğulayıb ki, dövr, zaman dəyişsədə, İlyas müəllimin yazdığı əsərlər daim oxunacaq və öz dəyərini itirməyəcəkdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov açaraq bildirib ki, bu gün çox əlamətdar bir gündür. Belə ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixinin, məfkurəsinin, milli kimliyinin inkişafında müstəsna xidmətləri olan Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı anlarını fotoşəkillərin dili ilə canlandıran “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyan şəxsiyyətdir. O, sovet ideologiyası zamanı öz əsərlərində  Azərbaycançılıq, milli kimlik məsələlərini əks etdirib. Məhz bu gün milli mənlik – vətənpərvərlik ruhunda gənclərimizin yetişməsində onun əsərlərinin mühüm xidmətləri olmuşdur.

Nazir vurğulayıb ki, İlyas Əfəndiyevin yaradıcılığı tək Azərbaycanda deyil, dünya səviyyəsində tanınır. Hörmətli cənab Prezidentimiz İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər vermiş, onun 90 və 100 illik yubileylərinin YUNESKO-da və ölkə səviyyəsində geniş qeyd olunması barədə sərəncamlar imzalamışdır. Qeyd edib ki, İlyas Əfəndiyevin adının YUNESKO-nun görkəmli şəxsiyyətlərinin siyahısına salınması çox qürurvericidir.

Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyev XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığını çox yüksək qiymətləndirmiş və dəfələrlə onun Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak etmişdir. Heç təsadüfi deyildir ki, onun müəllifi olduğu “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə məhz Milli Dram Teatrında hər il yeni mövsümün açılışı olur. Sonda Nazir qeyd edib ki, mən fəxr edirəm ki, Azərbaycan ədəbiyyatı tarixində İlyas Əfəndiyev kimi görkəmli şəxsiyyətlər olub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatını tədqiqatçıların gözü ilə iki hissəyə: “Azərbaycan Sovet ədəbiyyatı” və “Sovet dövrü Azərbaycan ədəbiyyatı” ayırmaq olar. Məhz İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm, realizm kimi ideyalar onun əsərlərinə uzaq idi. Sovet ədəbiyyatı nikbin notlar üzərinə qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgili notlar hiss olunurdu. İlyas Əfəndiyev zamanı qabaqlayan bir şəxsiyyət olub. İlyas Əfəndiyev yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.  Akademik qeyd edib ki, Ulu Öndər İlyas Əfəndiyevin yaradıcılığından bəhs edərkən onun əsərlərində tarixi mərhələlərin əks olunmasını xüsusilə vurğulayıb. Çıxışının sonunda kitab haqqında fikir bildirən akademik vurğulayıb ki, Kərim müəllim bu kitabda ciddi tədqiqatçılıq işi apararaq yeni afişalar toplamış, eləcə də fotoalbom ciddi elmi təsnifatla təqdim olunmuşdur. Və ilk dəfə olaraq burada İlyas Əfəndiyevin öz müasirlərinə yanaşması da əks olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək belə bir tədbiri təşkil etdiyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Bu gün böyük bayramdır, belə ki, görkəmli ədib haqqında belə tərtibatlı fotoalbom kitabının təqdimatına toplaşmışıq. F.Bədəlbəyli İlyas Əfəndiyev haqqında xatirələrini bölüşərək bildirib ki, biz həmişə istəmişik ki, Azərbaycan teatrı müasir olsun və məhz İlyas müəllimin əsərləri sayəsində bunu əldə etmişik. Daha sonra o, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın son illər türkdilli ölkələrlə bağlı keçirdiyi tədbirlərdən bəhs edərək ona uğurlar arzulayıb.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək bildirib ki, biz bu gün əlamətdar bir tədbirə – İlyas Əfəndiyev haqqında nəşr edilən fotoalbom kitabının təqdimatına yığışmışıq. O, vurğulayıb ki, İlyas Əfəndiyevi hər kəs tanıyır, onun Azərbaycan ədəbiyyatına, eləcə də teatrına verdiyi töhfələrin qiymətinin dəyəri ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycan durduqca İlyas Əfəndiyevin xatirəsi daim yaşayacaqdır.

Milli Məclisin üzvü,  Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, bu gün təqdim olunan fotoalbom kitabı bütünlükdə ədəbi həyatımıza hədiyyədir, töhfədir. İlyas müəllim həm ədəbiyyatımızda, həm də teatrımızda məktəb yaratmış bir şəxsiyyətdir. Vurğulayıb ki, Elçin müəllim də onun yolunu layiqincə davam etdirir. S.Rüstəmxanlı qeyd edib ki, İlyas Əfəndiyev zamanın tələbələrinə əyilməmiş, öz dəsti-xətti ilə yaradıcılığını qurmuşdur. Görkəmli dramaturq İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni cərəyan yaratdı. Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına dah çox yer verdi.

Tədbirin davamında Xalq şairi Ramiz Rövşən, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsmə Aslanqızı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Xalq artisti Bəsti Cəfərova, Milli Məclisin üzvü Vüqar İskəndərov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professor Rüstəm Kamal; Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Seyran Səxavət, Milli Məclisinin üzvü, Əməkdar jurnalist Aqil Abbas və s. görkəmli dramaturq İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığı ətrafında çıxış ediblər.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” (http://anl.az/el/emb/I.Efendiyev/index.html) adlı Elektron məlumat bazası da təqdim olunub. Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”; “Sənətkarın yaşamaq haqqı”; “Həyat və fəaliyyətinin əsas tarixləri”; “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”; “Müdrik deyimləri”; “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”; “Əsərləri”; “Haqqında”; “Mükafatları”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Filmoqrafiya”; “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisinin üzvü, Əməkdar jurnalist Aqil Abbasa “İlyas Əfəndiyev mükafatını” təqdim edib.

Tədbirin sonunda görkəmli dramaturqun ailəsi adından Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək ilk növbədə fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz dərin təşəkkürünü bildirib. Və fotoalbomun nəşrində əməyi keçən “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil xanım İsmayılovaya öz minnətdarlığını bildirib.

Sonda qonaqlar görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin əsərlərindən ibarət “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

 

icon

Foto qalereya