close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “İstiqlal şairi Əhməd Cavad” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

09-08-2022

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ədəbi mühitdə və geniş ictimaiyyətdə, həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilmişdir.

Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Azərbaycan və ana mövzusu ilk dəfə Ə.Cavadın şəxsində işlənib.

Böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı, hüquqları çeynənən bir ölkənin haqq səsi oldu. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilmədi. O, bir dəfə də olsun xalqına və qələminə xəyanət etmədi. Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək, daim yaşayacaq…

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “İstiqlal şairi Əhməd Cavad” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”,  “Fotoqalereya”, “Videoqalereya” adlı bölmələrdən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/AhmedCavad/index.html linkindən istifadə edə bilərlər.