08-07-2025
8 iyul tarixində Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala və Kolumbiyanın Azərbaycandakı konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Milli Kitabxananın qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirib. Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 57 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında memorandum imzaladığını, Kolumbiya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2023-cü ildə imzalandığını bildirib. Cənab səfirin bu gəlişi ilə qarşılıqlı əlaqələrin gələcək perespektivlərinin müəyyənləşəcəyini qeyd edib. YUNESKO-nun Konvensiyasına əsasən həyata keçirilən Beynəlxalq Kitab Mübadiləsinin əhəmiyyətini vurğulayan direktor Milli Kitabxananın dünyanın 95-dən artıq Milli və Universitet kitabxanaları ilə Beynəlxalq kitab mübadiləsi etdiyini, son üç ildə Kolumbiya Milli Kitabxanasına 52 nüsxə kitab göndərildiyini vurğulayıb. Cənab səfirin dəstəyi ilə mövcud olan qarşılıqlı əmakdaşlıq əlaqələrinin genişlənəcəyini söyləyib.
Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında “Ədəbiyyat guşə”sinin açılmasının mümkünlüyü məsələsini qeyd edib. Kitabın ölkələrin təbliğində mühüm rol oynadığını deyib.
Səfir Luis Fernando Quartas Ayala səmimi qəbula görə təşəkkür edib. Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.
Sonda direktor prof. Kərim Tahirov qonağa Milli Kitabxananın nəşrlərindən “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası” fotoalbomu kitablarını və Azərbaycanın xəritəsini hədiyyə edib.
Səfir cənab Luis Fernando Kuartas Ayala isə Kolumbiya yazıçı və şairlərinin "Su vida", "Mi Cristo negro", "Aca empieza el fuego", "Ninguna voz repetira la mia", "El nombre de antes" və s. kitablarını Milli Kitabxananın fonduna hədiyyə edib.