close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Leyla Bədirbəyli” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

08-01-2020

Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyi tamam olur. Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir.

Leyla Bədirbəylinin 100 illik yubileyi müansibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Leyla Bədirbəyli” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli aktrisa haqqında rəsmi sənəd, onun yaradıcılığı haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən http://anl.az/el/vsb/Leyla_Bedirbeyli/index.htm istifadə edə bilərlər.