close
icon E-kataloq və kitabxana

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olmuşlar.

19-03-2018

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri - IFLA-nın sabiq prezidentləri Klaudiya Lyuks və Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri-Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin əməkdar professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxansının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana və İnformasiya Assosiasiyasının direktoru Joel Sam və digərləri Milli Kitabxanada olmuşlar. Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamış və Milli Kitabxana haqqında qonaqlara ətraflı məlumat vermişdir. Qonaqlar ilk öncə bir gün əvvəl Qlobal forumun kitabxana işçiləri üçün panei iclasında təqdimatı keçirilən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”nı görmək istədiklərini bildirmişlər. Xidmət işləri üzrə direktor müavini Ə.İsmayılova qonaqlara Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin bilavasitə təşəbbüsü əsasında həyata keçirilən bu layihədən, burada oxuculara göstərilən elektron və onlayn xidmətlərdən, açıq səma altında tədbirlərdən - kitab təqdimatlarından, şeir gecələrindən, “imzalı görüşlər”dən, məktəbli uşaqlarla keçirilən tədbirlərdən danışmışdır. “Açıq Kitabxana”nı çox bəyənən qonaqlar bu layihənin çox kreativ, inniovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu, onun həftənin 7 günü və günün 24 saatını fasiləsiz işlədiyini, hətta uşaqlar üçün də mütaliə guşəsinə çevrildiyinin əhəmiyyətini xüsusilə vurğulamışlar. Daha sonra qonaqlar kitabxananın Oxu zallarını, Nadir kitablar və kitabxana muzeyi şöbəsini, Kitab fondlarının mühafizəsi şöbəsini, Elektron kataloqun yaradılması, Elektron resursların yaradılması şöbələrini ziyarət etmiş, oxuculara kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri ilə və Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olmuşlar. Qonaqlar Milli Kitabxananın Oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildirmiş və oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin kitab fondlarındakı mobil stellajları bəyəndiklərini xüsusilə vurğulamışlar. Konqres Kitabxanasında yenilənmə işlərinin həyata keçirildiyini qeyd edən Konqres Kitabxanasının Afrika və Orta şərq bölməsinin müdiri Meri-Ceyn Dib Oxu zalında tələbə gənclər üçün yaradılan imkanları bəyəndiyini xüsusilə bildirmiş və bu təcrübələri Konqres Kitabxanasında mütləq həyata keçirəcəyini söyləmişdir. Daha sonra qonaqlar direktor Kərim Tahirov ilə Kitabxana haqqında öz təəssüratlarını bölüşmüşlər. Professor Kərim Tahirov qonaqları maraqlandıran bütün sualları ətraflı şəkildə cavablandırmışdır. Sonda direktor Milli kitabxananın iş təcrübəsini yüksək qiymətləndirdiklərinə görə qonaqlara öz təşəkkürlərini bildirmiş və gələcəkdə bu kimi tədbirlərdə bir daha görüşəcəyinə ümid etdiyini söyləmişdir. Daha sonra qonaqların hər birinə “Milli Kitabxana. Fotoalbom” (üç dildə: Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycan mətbəxi” kitabları, “Azərbaycan filmləri” (CD), Azərbaycan xəritəsi və Bakının simvolu olan Qız qalası suveniri hədiyyə edilmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.