07-01-2026
7 dekabr tarixində Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, tanınmış ictimai-siyasi xadim Aydın Mirzəzadə Milli Kitabxananın qonağı olub. Görüş zamanı millət vəkili Aydın Mirzəzadə Azərbaycan Milli Kitabxanasına nadir və dəyərli nəşrlər hədiyyə edib. Hədiyyə edilən kitablar XIX əsrə və XX əsrin əvvəllərinə aid olmaqla, maarifçilik və milli düşüncə tariximizin mühüm mənbələri sırasında yer alan nadir nüsxələr hesab olunur.
Onlardan biri fransız filosofu Jules Payotun müəllifi olduğu “La Morale à l’École” (“Məktəbdə əxlaq”) adlı dərs vəsaitidir, 1909-cu ildə Parisdə Armand Colin nəşriyyatında çap olunmuşdur və ibtidai təhsil üçün nəzərdə tutulmuş əxlaqi-tərbiyəvi məzmunu ilə seçilir. Bu nəşr Avropada məktəb təhsilində əxlaq anlayışının formalaşdırılmasına xidmət edən klassik əsərlərdən biri hesab olunur.
Digər dəyərli kitab isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin məşhur “Hop-hopnamə” əsərinin 1914-cü ildə Bakıda nəşr olunmuş ikinci tam nəşridir. Kitab böyük Sabirin satirik irsini əhatə edən ilk fundamental toplulardan biridir. Nəşrin redaktoru və naşiri şairin həyat yoldaşı Xanım Tağızadə olmuşdur. Əsər “Kaspiy” tipo-litoqrafiyasında, İsa bəy Aşurbəyovun mətbəəsində çap edilib.
Görüş zamanı hər iki kitabın elmi, tarixi və mədəni əhəmiyyəti xüsusi vurğulayan Milli Kitabxananın direktoru prof. Kərim Tahirov bu nadir nəşrlərin Milli Kitabxananın fondları üçün mühüm töhfə olduğunu bildirmiş və bu dəyərli hədiyyələr üçün Milli Məclisin üzvi, bibliofil Aydın Mirzəzadəyə kitabxananın kollektivi və oxucuları adından təşəkkürünü bildirib. O, belə hədiyyələrin milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Direktor həmçinin hər iki kitabın Milli Kitabxananın Nadir kitablar fondunda saxlanılacağı və tədqiqatçılar üçün əlçatan olacağını qeyd edərək, öz növbəsində qonağa kitablar hədiyyə edib.
Millət vəkili Aydın Mirzəzadə isə öz növbəsində bu nəşrlərin ictimaiyyətin istifadəsinə verilməsinin Azərbaycan mədəni irsinin təbliği baxımından vacib olduğunu qeyd edərək Milli Kitabxananın direktoruna təşəkkürünü bildirmiş və digər bibliofillərimizi də belə addımlar atmağa çağırmışdır.