10-12-2025
Milli Kitabxanada insan hüquqlarının təbliği və müdafiəsi məqsədilə “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə beynəlxalq insan hüquqları haqqında, Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar,dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm linkindən istifadə edə bilərlər.
10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsi ilə əlaqədar hər il bu gün “Ümumdünya İnsan Hüquqları Günü” kimi qeyd olunur.
İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ali dəyər hesab edilir.
Ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i “Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” kimi qeyd edilir.