close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi və “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

04-12-2025

Milli Kitabxanada görkəmli akademik, türkoloq, filoloq-slavyanşünas, ədəbi tənqidçi, dramaturq və şair, Azərbaycan ədəbiyyatının ən seçilən nasirlərindən biri, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyi münasibətilə “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi və  “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Sərgilərdə rəsmi sənədlər, Milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, istedadlı yazıçı-dramaturq, Əməkdar elm xadimi, Xalq yazıçısı, akademik Kamal Abdullanın fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, romanları, povestləri, hekayələri, pyesləri, şeirləri, tərcümələri, esseləri, ideya müəllifi, layihə rəhbəri, elmi redaktor, rəyçi və məslətçi olduğu əsərlər, həyatı, elmi fəaliyyəti, bədii və çoxşaxəli yaradıcılığı haqqında tədqiqat əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/Xalq_yazicisi_Kamal_Abdulla/index.htm  linkindən istifadə edə bilərlər.

Xalq yazıçısı, ictimai xadim, akademik Kamal Abdulla 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyasını, 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

300-ə yaxın məqalənin, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifi olan akademik Kamal Abdulla müasir ədəbiyyatımız və dilçiliyimiz üçün çox qiymətli tədqiqatlar aparıb, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Mifdən yazıya”, “Dilçiliyə səyahət” və s. kimi əsərlər ərsəyə gətirib.

Kamal Abdulla Azərbaycan ədəbiyyatının ən orijinal yazıçılarından biridir. O, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” və “Sirlərin sərgüzəşti” romanlarının müəllifidir. Bu romanlar müxtəlif dillərə tərcümə edilərək Fransa, İtaliya, Avstriya, Yaponiya, Amerika, Braziliya, Rusiya, Türkiyə, Misir, Polşa, Litva, Qazaxstan və başqa ölkələrdə çap edilib.

Kamal Abdulla həm də mahir dramaturqdur. Onun “Casus” və “Beyrək”, “Bir-iki, bizimki” və s. kimi dram əsərləri bu gün teatrlarımızın səhnəsində böyük alqışlarla qarşılanır.

AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədridir. Həmçinin, bir sıra ölkədaxili və xarici ədəbi, ictimai, elmi qurumların üzvüdür.

Akademik Kamal Abdulla bir çox mükafatlara və təltiflərə, o cümlədən, 1999-cu il 9 dekabr tarixində Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə Ölkə Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar elm xadimi”,  2019-cu il 25 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb, 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

icon

Foto qalereya