close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Nailə Vəlixanlı” adlı virtual və “Akademik Nailə Vəlixanlı – 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

22-12-2025

22 dekabr tarixində Milli Kitabxanada tarixçi, şərqşünas, akademik Nailə Vəlixanlının anadan olmasının 85 illiyinə həsr olunmuş  “Akademik Nailə Vəlixanlı” adlı virtual və “Akademik Nailə Vəlixanlı – 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, Azərbaycan tarixinə dair elmi tədqiqatları, sanballı monoqrafiyarı, elmi redaktoru, tərtibçisi olduğu kitablar, həyatı və elmi fəailyyəti haqqında ədəbiyyatlar,  dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

https://anl.az/el/vsb/Akademik_Naile_Velixanli/index.htm  linkindən istifadə edə bilərlər. 

Görkəmli Azərbaycan tarixçi və şərqşünası, AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olub.

1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxuyub, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub.1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası, 1994-cü ildə  “Ərəb Xilafəti və Azərbaycan (İbn Xordadbehin və ərəb coğrafi ədəbiyyatının digər nümayəndələrinin əsərləri əsasında)” mövzusunda doktorluq dissertasiyasıı müdafiə edib.

Alim ərəbdilli mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair bir neçə sanballı monoqrafiyanın, 200-dən çox elmi məqalə və resenziyanın müəllifidir. Nailə Vəlixanlı yeddicildlik “Azərbaycan tarixi”nin II cildinin məsul redaktoru və əsas müəlliflərindəndir. Görkəmli alimin “IX-XI əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında”, İbn Xordadbehin “Ölkələr və yolların kitabı”, “Naxçıvan--ərəblərdən monqollaradək (VII-XII əsrlər)”, “Ərəb Xilafəti və Azərbaycan” adlı monoqrafiyaları, “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu və s. əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb.

Akademik çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı və onun tarixini həmişə uğurla təmsil etmiş və etməkdədir.

Azərbaycan dövləti akademik Nailə Vəlixanlının əməyini yüksək dəyərləndirib.

Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı 2010-cu ildə isə “Şöhrət” ordeni və 2020-ci ildə “Şərəf” ordeninə layiq görülüb.

icon

Foto qalereya