close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

29-12-2025

Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

26 dekabrın  tarixində Milli Kitabxanada  görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Akademik Yusif Məmmədəliyev - 120” adlı adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, fotolar, akademikin tədqiqat əsərləri, həyat və fəaliyyəti, elmi istiqamətləri və xidmətləri haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri-mətbuatda dərc olunmuş məqalələr nümayiş edilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Akademik_Yusif_Memmedeliyev/index.htm   linkindən istifadə edə bilərlər. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il ölkədə Yusif Məmmədəliyevin 120 illik yubileyi ili kimi qeyd edilir.
Azərbaycan elminin dünya miqyaslı simalarından biri, görkəmli kimyaçı alim və ictimai xadim Akademik Yusif Məmmədəliyev  1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub.
1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirib, 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Akademik adı alıb. Elmlər Akademiyası yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik edib, 1954-58 illərdə Bakı Dövlət Universitetinin rektoru olub, 
Azərbaycan Milli Elmlər Akademiyasının qurucularından biri Akademik Yusif Məmmədəliyev iki dəfə AMEA-nın prezidenti (1947–1950 və 1958–1961) seçilib. 
Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. Məşhur alim Yusif Məmmədəliyev 1942-ci ilin şaxtalı qış aylarında bir qrup kimyaçı mütəxəssislə birlikdə 28 sutka ərzində laboratoriya binasından çıxmadan gərgin axtarışlar aparmış, nəhayət, oktan ədədi 100-ə bərabər olan yüksək keyfiyyətli aviasiya yanacağı istehsalının texnologiyasını yaratmışdı. Akademikin müharibə illərində apardığı tədqiqatlar  neft-kimya elminin və sənayesinin daha da inkişaf etməsinin əsasını təşkil edib. 
Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, Azərbaycanda neft kimyasının əsasını qoyub, dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb.
Akademikin yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olub, Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. O, həmçinin 400-dən çox elmi əsər və 15 patent, 6 monoqrafiyanın müəllifi kimi Azərbaycanın elmi yaddaşında dərin iz qoyub. 
Akademik Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur.

icon

Foto qalereya