05-03-2026
5 mart 2026-cı il tarixində Milli Kitabxanada görkəmli tənqidçi və ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə alimin əsərləri, məqalələri, müsahibələri, məruzə və çıxışlarından ibarət seçilmiş əsərləri, redaktor, ön söz, tərtibçi və rəyçi olduğu kitablar, həmçinin həyatı, çoxşaxəli ədəbi-elmi yaradıcılıq yolu haqqında ədəbiyyatlar, elmi, publisistik məqalələr və xatirələrdən ibarət nəşrlər nümayiş olunur.
Yaşar Vahid oğlu Qarayev 1936-cı il mart ayının 5-də Şəki şəhərində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb, burada 31 nömrəli şəhər orta məktəbini bitirib. 1954–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.
1959-cu ildən Akademiyada əmək fəaliyyətinə başlayan alim Nizami adına Ədəbiyyat Dil İnstitutunun şöbə müdiri (1975-1981), elmi işlər üzrə direktor müavini (1981-1985), daha sonra direktoru vəzifələrində çalışıb. 38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Ədəbi fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğrunda” və “Azərbaycan gəncləri” qəzetlərində çıxışlarla başlayıb. Onun tədqiqat obyekti ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika və humanitar elmlərin nəzəri-metodoloji problemlərini əhatə edir.
Alim “Ədəbi proses” adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olub. Onun “Şərqin dahisi”, “Tənqid: problemlər, portretlər”, “Azərbaycan ədəbiyyatında faciə janrı”, “Tarix: yaxından və uzaqdan” kimi əsərləri ədəbiyyatşünaslıqda mühüm yer tutur. Yaşar Qarayev həmçinin respublikanın elmi və ədəbi-mədəni həyatında da fəal iştirak edib.
Yaşar Qarayev 1980-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı seçilib, 1982-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına, "Məmməd Araz", "Həsən Turabov" mükafatlarına, "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.