22-12-2025
22 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illiyi ilə əlaqədar Milli Kitabxananın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə nəşr etdiyi “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının və Azərbaycan Milli Kitabxanasının “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr etdiyi not məcmuələrinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmiş, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Tofiq Bakıxanovun Milli Kitabxana tərəfindən yubileylərinin qeyd edilməsinin ənənə şəkli aldığını bildirib, bəstəkarın çoxşaxəli yaradıcılığından danışıb. Professor Tofiq Bakıxanovun 95 illik yubileyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildiyini qeyd edərək, görkəmli bəstəkara həsr olunmuş biblioqrafiyada bəstəkarın bütün əsərlərinin, eləcə də həyat və yaradıcılığı haqqında olan materialların, həmçinin dünya kitabxanalarında mühafizə olunan nəşrlərin öz əksini tapdığını diqqətə çatdırıb, eyni zamanda “Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr edilən not məcmuələrinin hazırlanma məqsədindən danışıb.
Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov dahi Üzeyir bəyin tələbəsi, Qara Qarayevin yetirməsi olan Tofiq Bakıxanovun təqdimatı keçirilən biblioqrafiyada bütün irsinin, yaratdıqlarının əks olunduğunu söyləyib, bəstəkarın keçdiyi yolu təkcə məsafə deyil, Azərbaycan musiqisinin XX əsrdən XXI əsrə keçdiyi yol adlandırıb. Musiqimizin ən müxtəlif forma və janrlarındadakı çoxsaylı əsərləri olan Tofiq Bakıxanovun şanlı sülalənin şərəfli övladı olduğunu, tükənməz enerjisiylə, nikbinliyiylə, işgüzarlığıyla, soyumaz həvəsiylə, bütün varlığıyla onunla yaxın təmasda olan insanlara hər dəfə tarixlə görüşmək, canlı ünsiyyətdə olmaq xoşbəxtliyi bağışladığını, bu yaşında da məsuliyyət hissini itirmədən, daxilən səfərbər olaraq daima yeniliyə can atdığını diqqətə çatdırıb.
Milli baletlər xəzinəmizə töhfələr vermiş bəstəkarın müəllimi Qara Qarayevin tövsiyəsi ilə yazdığı “Xəzər balladası” baleti ilə 1969-cu ildə Azərbaycan baletinin Parisə getdiyini, 30 gün ərzində 35 dəfə səhnəyə qoyulduğunu, bununla bəstəkarın bütün dünyada tanındığını söyləyən akademik bu hadisənin musiqi tariximizdə xüsusi mədəni, eyni zamanda siyasi hadisə olduğunu vurğulayıb. Natiq bildirib ki, Tofiq Bakıxanov kimi insanlar mənəvi körpüdürlər, yaddaş körpüsüdürlər, keçmişi bu günə bağlayırlar. O, qeyd edib ki, bəstəkarın bütün fəaliyyəti ilə yanaşı, yerinə yetirdiyi başqa bir missiya da öz soyadına layiqli xidmət etməsidir.
Akademik R.Hüseynov təqdimatı olan musiqi nəşrlərinin müxtəlif nəsilləri əhatə etdiyini söyləyib, bu nəsillərin bir-birinə ötürücülüyü olmasa musiqinin yaşamayacağını vurğulayıb. Azərbaycan Milli Kitabxanası tərəfindən professionallıqla hazırlanan biblioqrafiyaların önəmini qeyd edən natiq kitabxanada bu işin incəliklərinə bələd olan, mədəniyyət qarşısındakı məsuliyyətlərini dərk edən insanların çalışdığını söyləyib, qiymətli nəşrə görə kitabxananın rəhbərliyinə, peşəkar kollektivə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov tədbirin təşkilinə və qiymətli nəşrlərin ərsəyə gəlməsindəki xidmətlərinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib. O, qeyd edib ki, bu əlamətdar gündə görkəmli bəstəkar, canlı əfsanə, əsərləri dəfələrlə dünya səhnələrində yer almış Tofiq Bakıxanov haqqında nə qədər danışsaq da azdır. Bəstəkarı böyük musiqi xadimi adlandıran nazir müavini ona möhkəm can sağlığı arzulayıb.
Tədbirin davamında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə, Xalq artisti Eldar Mansurov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, elmlər doktoru Alla Bayramova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli bəstəkarın böyük zəhmətinin cavabı olaraq çoxsaylı və çoxjanrlı əsərlərinin bir xəzinə olduğunu, daim çap olunduğunu və ifa edildiyini söyləyiblər, əsərlərinin dünyanın böyük klassiklərinin əsərləri ilə yanaşı səsləndirildiyini, təkcə yaratmaqla deyil, həm də yaratdıqlarını dinləyicilərə çatdırmaqla da məşğul olduğunu vurğulayıblar. Əsərləri əsasında müxtəlif mövzulu elmi-tədqiqat əsərlərinin yazıldığını qeyd edən natiqlər Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə bəstəkara can sağlığı, yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən Xalq artisti Tofiq Bakıxanov ona və yaradıcılığına göstərilən daimi və xüsusi diqqətə görə Azərbaycan Dövlətinə, hörmətli Cənab Prezidentimizə təşəkkürünü və hədsiz minnətdarlığını bildirib, tədbirin yüksək səviyyədə təşkilinə və özünün dünyanın 33 ölkəsinin kitabxanalarında mühafizə olunan əsərlərini əhatə edən fundamental biblioqrafiyasının nəşrinə görə Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın rəhbərliyinə, eyni zamanda tədbirdə iştiraka görə qonaqlara təşəkkürünü bildirib.