close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” Layihəsinin təqdimat mərasimi keçirilmişdir

04-03-2016

4 mart 2016-cı il tarixində saat 11.00-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” Layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” və “Azərbaycan musiqi irsinin dünyada təbliği” Layihəsi  barədə qısaca məlumat vermiş, Layihənin Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif və verdiyi tapşırıq əsasında həyata keçirilməsinə başlanıldığından, Beynəlxalq Musiqi Kitabxanası Layihəsi /Petruççi  Musiqi Kitabxanası (IMSLP) haqqında danışmış, Layihənin həyata keçməsində  dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkürünü bildirmişdir.

Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” haqqında məlumat verən K.Tahirov Azərbaycan musiqisinə dair çap olunmuş və Milli Kitabxananın fondlarında mühafizə olunan nəşrlərin elektron versiyasından ibarət tam mətnlərin yerləşdirildiyini, Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən əsərlərin hamı üçün açıq olduğu, qalan ədəbiyyatdan isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə etmək mümkün olduğunu bildirmişdir.

Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev öz çıxışında Layihənin məqsədinin Azərbaycan musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq məqsədilə xalqımızın musiqi irsinin, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq musiqimizin, folklorumuzun dünyada ən çox tanınan və populyar olan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu, Layihənin Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Müəllif Hüquqları Agentliyi tərəfindən gerçəkləşdiyini söyləmişdir.

“Azərbaycan musiqisinin dünyada təbliği” bölməsində 30 bəstəkarın 150-dək əsərinin notlarının, habelə 25 Azərbaycan xalq mahnısının (o cümlədən Azərbaycanın Himni, “Sarı gəlin” mahnısı və b. xalq mahnıları)  Azərbaycanın korifey ifaçıları-Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və b. ifasınada mp-3 formatda yerləşdirilməsindən, balaban, kamança və digər milli musiqi alətlərində solo ifaların, hər bir milli musiqi alətinin rəngli təsvirləri, onların bizim milli musiqi aləti olması barədə annotasiya və haqqında qısa məlumatların, Ulu öndər Heydər Əliyevə (ümummilli liderə həsr olunmuş “Bahar oğlu”), Xocalı soyqırımına (Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olıunmuş “Humayun”) və dünya şöhrətli bəstəkarlarımıza həsr olunmuş musiqi  əsərlərinin mp-3 formatda canlı ifada səsli təqdim olunmasından və ithaf olunan hadisələrin və şəxsiyyətlərin haqqında qısa məlumatla müşayət olunmasından  (məsələn, Xocalı hadisəsi haqqında qısa məlumat, ulu öndərin haqqında, balaban haqqında və s.), bir əsərin bir neçə pozisiyada məsələn, Dövlət himnimizin həm notunu, həm də mp-3  variantda səsli versiyası “Azərbaycan” bölməsində, dünya dövlətlərinin himləri bölməsində (burada cəmi 88 ölkənin notu yer almışdır), parteturalar, notlar və digər 14 bölmədə yer almasından, ümumilikdə  bütün notların müəllif üzrə, ölkə üzrə, ilinə, növünə görə (balet, simfoniya, mahnı, operetta, opera və s.) 6-8 yerdə verilməsindən ətraflı danışmışdır.

Çıxışçılar: Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov,  Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Layihə haqqında danışmış, Layihənin həyata keçməsində əməyi olan  hər kəsə təşəkkürlərini bildirmiş və uğurlar arzulamışlar.

Tədbir iştirakçılarına Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” və Beynəlxalq Musiqi Kitabxanası Layihəsi /Petruççi  Musiqi Kitabxanası (IMSLP) təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış oldular.