close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

03-03-2026

Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və Cənubi Azərbaycan poeziyasında mühüm yer tutmuş Xalq şairi Hökümə Billurinin anadan olmasının 100 illik yubileyi münasibətilə “Xalq şairi Hökümə Billuri – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairənin şeirləri, poemaları, tərcümələri, müxtəlif illərdə nəşr edilmiş toplular, həyat yaradıcılığından bəhs edən tədqiqat əsərləri, eləcə də ədibin zəngin ədəbi irsini, vətəndaş mövqeyini və ictimai fəaliyyətini əks etdirən materiallar da yer alıb.

Hökümə İbrahim qızı Billuri 1926-cı il mart ayının 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. O, 1933-1943-cü illərdə “Azəri” qız məktəbində təhsil alıb və sonra həmin məktəbdə müəllim kimi çalışıb. 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. Daha sonra Bakı Ali Partiya Məktəbində, 1963-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasında ali təhsilini davam etdirib. 1963-cü ildə  “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Hökümə Billuri ictimai-siyasi fəaliyyətə II Dünya müharibəsi dönəmində, Cənubi Azərbaycanda başlayıb. Cənubi Azərbaycanda inqilabi hadisələrin fəal iştirakçısı olduğuna görə “21 Azər” medalı ilə təltif edilib. 1946-cı ilin dekabr ayından etibarən Şimali Azərbaycanda mühacirətdə yaşamağa məcbur olub. Həmin vaxtdan fəal elmi və bədii yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib.

O, ilk şeirlərini orta məktəbdə ikən fars, sonra Azərbaycan dilində yazıb. Azərbaycan dilində yazdığı “Fəhlə”, “Gözlərim”, “Sübh açıldı” və s. şeirləri və məqalələri 1945-ci ildə “Azər”, “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında dərc edilib.

Hökümə Billuri "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni" (1975), "Şerlər" (1980), "Bir də bahar gəlsə" (1984) və s. kitabların, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" poemaların müəllifidir.

Hökümə Billuri 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adları ilə təltif edilib.

 

icon

Foto qalereya