close
icon E-kataloq və kitabxana

Milli Kitabxanaın direktoru Kərim Tahirov V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin Ukrayna dilində çapdan çıxmış “Який обрати шихай” kitabının təqdimat mərasimində iştirak etmişdir

11-12-2014

Milli Kitabxanaın direktoru Kərim Tahirov dekabr ayının 11-də V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin Ukrayna dilində çapdan çıxmış “Який обрати шихай” (Yolumuz hayanadır?) kitabının təqdimat mərasimində iştirak etmişdir.

Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Ukrayna Milli Kitabxanasıdır.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, Ukrayna Milli Kitabxanasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərbaycan Hava Yolları” şirkətinin Ukraynadakı nümayəndəliyinin, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin, Ukraynada Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının, digər diaspor təşkilatlarının rəhbər və üzvləri, Ukrayna ədəbi ictimaiyyətinin, Azərbaycan, Ukrayna və Türkiyə KİV-lərinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə “İzdatelskiy dom Dmitriya Buraqo” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir. Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə etmişdir.

Tədbirdə eyni zamanda ukrayna dilində nəşr edilmiş : V. Andriyanov, H. Mirələmov “İlham Əliyev: Azərbaycan Prezidentinin portreti”, Aida İmanquliyeva “Seçilmiş məqalələr”, C. Qasımlı, O. Kupçik, Ə. Dəmirov “Ukrayna – Azərbaycan siyasi münasibətləri və müasirlik”, Ramiz Mehdiyev “Gorus-2010; absurd teatrı mövsümü”, Ramiz Mehdiyev “Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix”, Y. Mahmudov “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, R. İvanov“Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər”, İ. Həbibbəyli “XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı”, Mirzə Fətəli Axundzadə “Seçilmiş əsərləri”, R. Novruzov, İ. Qasımov “Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti” rus dilində Ə. Dəmirov “Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)”, A. Merejko “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” və ingilis dilində kitablar da təqdim olundu.

Tədbirdə Ukrayna Mili Kitabxanasının direktoru Vladimir Popik çıxış edərək qardaş ölkənin nümayəndələrini, qonaqları salamlamış, bu gün təqdim olunan kitabların Azərbaycanı öyrənmək və tanıtmaq məqsədilə böyük rol oynayacağını qeyd etmişdir.

Azərbaycanın Ukraynadakı səfiri cənab Eynulla Mədətli, “Yolumuz hayanadır?” kitabını ukrayna dilinə tərcümə etmiş İnna Sosnovçik öz çıxışlarında illər keçsə də bu cür kitabların heç vaxt öz əhəmiyyətini itirməyəcəyini bildirdilər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ukrayna dilində çıxan kitabların əhəmiyyətindən, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Azərbaycan həqiqətlərini özündə əks etdirən, Dağlıq Qarabağ problemlərinə həsr olunmuş kitabların Ukrayna dilinə tərcümə olunmasından məmnunluq duyduğunu bildirdi.

Yüksək səviyyədə keçən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Azərbaycan Milli Kitabxanasının direktoru , professor Kərim Tahirov Qiymətlənditmə texnologiyaları və sosiologiya üzrə beynəlxalq akademiya tərəfindən “Qızıl uğur” Diplomu və “Əmək şöhrəti” medalı ilə təltif edildilər.

Tədbir Azərbaycan Milli Kitabxanası ilə Ukrayna Milli Kitabxanası arasında kitabxana sahəsində elmi informasiya əməkdaşlığı barəsində Müqavilənin imzalanma mərasimi ilə sona çatmışdır.