close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Nəşriyyat işləri və elektron resurslar üzrə direktor müavini Gülbəniz Səfərəliyeva Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində ezamiyyətdə olmuşdur

28-04-2015

Milli Kitabxananın  Nəşriyyat işləri və elektron resurslar üzrə direktor müavini Gülbəniz Səfərəliyeva “İnternet, elmdə, təhsildə, mədəniyyətdə və biznesdə kitabxana resursları” mövzusunda keçiriləcək IX beynəlxalq konfransda və BAE-nin XVII ümumi iclasında iştirak etmək  məqsədilə aprel ayının 20-dən -25-dək Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində ezamiyyətdə olmuşdur.
BAE-nin iclasını təşkilatın sədri A.İ.Vislıy açaraq müzakirə olunacaq məsələləri açıqlamış, iclasda 17 ölkədən 9-nun iştirak etdiyini bildirmişdir. Daha sonra o, BAE-nin elektron yeni yaradılacaq kitabxana proyekti haqqında məlumat vermişdir. Tədbirin sonunda Böyük Vətən Müharibəsinin Qələbəsinin 70 illiyinə həsr edilmiş “Sovet xalqının böyük qələbəsi” adlı virtual sərginin təqdimatı olmuşdur.
Aprel ayının 22- də beynəlxalq konfrans öz işinə başlamışdır. Özbəkistanın müxtəlif əyalətlərindən və xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər müxtəlif seksiyalarda iştirak etmişlər. Ümumilikdə bu sektorlarda 66 məruzə dinlənilmiş və sonda moderatorlar tərəfindən aparılan araşdırmalar nəticəsində ən uğurlu məruzələr seçilmişdir.
Ayın 23-də plenar iclas öz işinə başlamış, 11 mütəxəssisinin məruzəsi dinlənilmiş və Özbəkistan Milli Kitabxanasının yaradılmasının 145 illiyi münasibətilə təbrik nitqləri söylənilmişdir. G.Səfərəliyeva Azərbaycan Milli Kitabxanasının son illər fəaliyyəti haqqında məruzə ilə çıxış etmiş, kitabxananın rəhbərliyi və kollektivi adından Özbəkistan Milli Kitabxanasını təbrik etmişdir.