close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov 14-16 noyabr tarixlərində keçirilən VIII Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edib

14-11-2019

Noyabrın 14-də Milli Kitabxananın direktoru prof. Kərim Tahirov 14-16 noyabr 2019-cu il tarixlərində keçirilən VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində təşkil edilmiş silsilə tədbirlərdə iştirak edib.

İlk öncə Rusiya Milli Kitabxanasının yeni binasında, Asiya və Afrika ədəbiyyatları şöbəsində “Koreyaya Pəncərə” layihəsi çərçivəsində “Koreya Mədəniyyəti Kabineti”nin təntənəli açılışı mərasimi baş tutub.

Tədbirdə Koreya Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu cənab Kvon Donq Sok; Mədəniyyət üzrə vitse-konsul cənab Çon Kvonse; həmçinin Koreya Milli Kitabxanasının İcraçı direktor cənab So Xe Ran ilə birgə bir sıra kitabxanaların nümayəndələri, o cümlədən Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov da iştirak edib.

Tədbirin açılışı Koreyanın təbiəti və turizm məkanlarına dair “Koreyaya Pəncərə: adaların gözəlliyi” adlı sərgi ilə başlayıb. Sərgidə texnoloji tərəqqi və təbiətə qayğı, əsrlər boyu davam edən ənənələr və son tendensiyaları birləşdirən ölkənin tarixi və mədəniyyətindən bəhs edən əsərlər nümayiş olunub.

Daha sonra növbəti tədbir Rusiya Milli Kitabxanasının baş binasında “Rəqəmsal əsrdə kitabxanaların və nəşriyyatların beynəlxalq əlaqələri” mövzusuna həsr edilmiş simpoziumla  davam edib.

Simpoziumda Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun Kitabxana-informasiya fakültəsinin dekanı Valentina Brejneva,  Rusiya Milli Kitabxanasının baş direktoru  Aleksandr Verşinin, Qırğızıstan Respublikası Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Qazaxstan Respublikası Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Koreya Respublikası Milli Kitabxanasının icraçı direktoru So Xe Ran, Rusiyanın “Elsevier” nəşriyyatın Vitse-prezidenti Marat Fatxullin, Polşa Milli Kitabxanasının Kitab və Mütaliə İnstitutunun rəhbəri Tomaş Şvaçinski, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, Belarusiya Milli Kitabxanasının direktoru Roman Motulski, Slovakiyanın Bratislava Universitet Kitabxanasının baş direktoru Silviya Stasellova qlobal informasiya mübadiləsində beynəlxalq kitabxana əməkdaşlığının rolu, onun müxtəlif ölkələrdə elm, mədəniyyət və təhsilin inkişafına təsiri barədə məruzələrlə çıxış ediblər.

Prof. Kərim Tahirov simpoziumda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri” mövzusunda çıxış edərək Azərbaycan Milli Kitabxanasının son illərdə genişlənən beynəlxalq əlaqələrindən, o cümlədən Beynəlxalq Kitabxana təşkilatlarında təmsilçiliyindən, Beynəlxalq kitab mübadiləsi imkanlarından istifadədən, beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirakdan, habelə Bakıda beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin  keçirilməsindən və bu yolla Milli Kitabxananın beynəlxalq əlaqələrinin möhkəmlənməsindən bəhs edib.

Sonda istifadəçilərin məlumat istəklərini təmin etmək üçün istifadə olunan rəqəmsal mənbələrin həcminin artması, eləcə də mədəni irsin qorunmasında müasir informasiya texnologiyalarının rolu baxımından kitabxanaların fəaliyyəti ilə əlaqəli geniş məsələlər müzakirə edilib.