Milli Kitabxanada Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq 16 noyabr tarixində Kitabxananın direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və şöbə müdiri Şəhla Nağıyeva “N” saylı hərbi hissədə olublar, əsgərlər üçün kitab icmalı keçiriblər. Tədbiri giriş sözü ilə “N”saylı hərbi hissənin zabiti mayor Əmirbəy Baxşıyev açıb. O, tədbir iştirakçılarını salamlayıb və bu təşəbbüsə görə Milli Kitabxananın rəhbərliyinə, kollektivinə öz təşəkkürünü bildirib. Sonra çıxış üçün sözü Milli Kitabxananın direktor müavini Ə.İsmayılovaya verib. Direktor müavini əsgərləri salamlayaraq, Milli Kitabxananın tarixi və fəaliyyət istiqamətləri haqqında, həmçinin, Vətən müharibəsində qazanılmış Şanlı Zəfərimizin 5 illiyi münasibətilə Kitabxanada keçirilən tədbirlərdən, layihələrdən danışıb. Qeyd edib ki, xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Gününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir. Heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Bu parlaq qələbə bütün dünyaya Azərbaycan xalqının birliyini, gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirir.
Direktor müavini, Milli Kitabxananın əməkdaşları tərəfindən Zəfərimizin 5 illiyi münasibətilə hazırlanan və nəşr edilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabını, vətənpərvərlik mövzusunda və digər 40 nüsxə kitabı hərbi hissənin kitabxanasına hədiyyə edib.
Ə. İsmayılova nümunəvi hərbi xidmətə görə fərqlənən 20 nəfər əsgəri də kitabla mükafatlandırıb. Milli Kitabxananın Hədiyyə fondundan hərbi hissə üçün ayrılan ictimai-siyasi, tarixi, hərbi vətənpərvərlik, Şanlı Zəfərimiz mövzusunda, eləcə də müasir yazarların qələmə aldığı bədii ədəbiyyat nümunələri şöbə müdiri Şəhla Nağıyeva tərəfindən icmal formasında əsgərlərə təqdim edilib.
Sonra Zabit mayor Əmirbəy Baxşıyev Milli Kitabxana ilə bağlı xatirələrini bölüşüb. Əvvəllər də Milli Kitabxana ilə “N” saylı hərbi hissənin həyata keçirdiyi tədbirlərdən danışıb.
Daha sonra “N” saylı hərbi hissə tərəfindən Milli Kitabxananın əməkdaşlarına Azərbaycanın xəritəsi və Azərbaycana dair açıqcalar hədiyyə edilib.
Görüş əsgərlərdə böyük təəssürat yaradıb. Əsgərlər Milli Kitabxanaya dəvət olunub.Tədbirin sonunda xatirə şəkli çəkilib.