close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mirzə Qədim İrəvani – 200” adlı Elektron məlumat bazası istifadəçilərə təqdim olunub

14-11-2025

14 fevral 2025-ci ildə Prezident İlham Əliyev Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb.

Milli Kitabxanada Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyi ilə əlaqədar olaraq “Mirzə Qədim İrəvani - 200” adlı Elektron məlumat bazası hazırlanıb (https://anl.az/el/emb/M.Q.Iravani/index.html) və istifadəçilərə təqdim edilib.

Mirzə Qədim İrəvani əsasən divar rəsmləri, bədii tikmələr üçün rəsm və trafaretlər çəkmiş, qızılgül, zanbaq və digər çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib etmişdir.

Rəssamın yaradıcılığının yetkinlik dövrü ömrünün son 15 ilini əhatə edib. Həmin dövrdə o, 9 portret yaradıb ki, bunların 6-sı Azərbaycan Milli İncəsənət Muzeyindədir. Ən çox tanınan rəsmləri Orta əsrlər Şərq miniatür sənətini xatırladan “Oturmuş qadın”, “Gənc oğlan”, “Fətəli şah”, “Rəqqasələr”, “Molla”, “Mah Tələtin portreti”, “Quş və çiçəklər”, eləcə də İrəvandakı Sərdar sarayının divarlarında yağlı boya ilə çəkdiyi böyük portretlərdir.

Peşəkar rəssamlıq təhsili olmasa da, özəl zövqü və istedadı sayəsində bu sənətin ustasına çevrilib. Əsərlərinə “Mirzə Qədim İrəvani”, bəzən də “kollec asessoru Qədim bəy” imzalarını qoyub.

Təqdim edilən Elektron məlumat bazası “Həyat və yaradıcılığı”, “Rəsmi sənəd”, “Mirzə Qədim İrəvaninin əsərlərinin son siyahısı”, “Dünya muzeylərində Mirzə Qədim İrəvaninin dahi rəsm əsərləri”, “Haqqında nəşrlər”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.