close
icon E-kataloq və kitabxana

Molla Pənah Vaqif ilinin açılış mərasimi Azərbaycan və Türkiyə Respublikalarının Mədəniyyət və Turizm Nazirlikləri, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə mart ayının 3-də Türkiyə Respublika

04-03-2017

Molla Pənah Vaqif ilinin açılış mərasimi Azərbaycan və Türkiyə Respublikalarının Mədəniyyət və Turizm Nazirlikləri, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə mart ayının 3-də Türkiyə Respublikasının Sakarya şəhərində davam etmişdir. 
Şəhərin küçələrini və Adabazarı Mədəniyyət Mərkəzinin girişini “XVIII. Yüzyıl Azerbaycan Şiirinin Önçü və Yenilikçi ismi: Molla Penah Vagif. Doğumunun 300 Yıldönümüne ithafen” afişaları bəzəyirdi.
Konfransdan əvvəl Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Zeki Toçoğlu TÜRKSOY-un rəhbərliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə türk dünyasının dahi və görkəmli şəxsiyyətlərinin bütün türk dünyasında qarşılıqlı olaraq tanıdılması məsələləri müzakirə edilmiş, bu istiqamətdə görülən işlər, TÜRKSOY-un fəaliyyəti yüksək qiymətləndirilmişdir. 
Azərbaycan nümayəndə heyəti tərəfindən “Azərbaycan xalçaları. İrəvan qrupu” albomu, o cümlədən TÜRKSOY-un türk dünyası mədəniyyətinə aid nadir nəşrləri Sakarya Böyükşəhər Bələdiyyəsinə hədiyyə olunmuşdur.
Sakarya şəhərinin Adabazarı Mədəniyyət Mərkəzində baş tutan konfransda TÜRKSOY təşkilatı, Azərbaycan nümayəndə heyəti, AKP Sakarya millət vəkilləri Prof.Dr. Mustafa İsen və Şaban Dişli, MHP Millət vəkili Zihni Açba, AK Parti İl Başkanı Fevzi Kılıç, MHP İl Başkanı Levent Bülbül, Sakarya Böyükşəhər Bələdiyəsi Genel Sekreter Yardımçısı Zafer Poyraz, elm, mədəniyyət, incəsənət xadimləri, tələbələr, Azərbaycanlı tələbələr, qardaş ölkədə yaşayan həmyerlilərimiz və b. iştirak etmişdir.
Sakarya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan Molla Pənah Vaqif ilinin açılışına həsr olunmuş konfrans Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən filmin nümayişi ilə başlamış, film  konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olmuşlar. Sərgi tədbir iştirakçıları, xüsusilə uzun illər Türkiyədə yaşamış Azərbaycanlıların marağına səbəb olmuşdur.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmiş və XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, mütəfəkkir, böyük şair Molla Pənah Vaqif ili ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, bu gün konfransa ev sahibliyi edən Sakarya Böyükşəhər Bələdiyyəsinə minnətdarlığını bildirmiş, Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərindən olan Molla Pənah Vaqif yaradıcılığından danışmışdır.
Sakarya millət vəkili Mustafa İsen çıxış edərək türk dünyasının dahi şəxsiyyətlərinə həsr olunmuş belə tədbirlərin təkcə paytaxt Ankarada deyil, bölgələrdə keçirilməsinin əhəmiyyətindən danışmış, bu konfransın Sakarya şəhərində keçirilməsinə görə TÜRKSOY təşkilatına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirmişdir.
Professor Mehdi Ergüzelin sədrliyi ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili prof. Dr. İsa Həbibbəyli, Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov, Avrasiya Yazarlar Birliyinin sədr müavini şair Ali Akbaş, Karabük Univürsitetinin Ədəbiyyat fakültəsinin müəllimi doç. Dr. Yıldız İsmayılova Molla Pənah Vaqif yaradıcılığından söz açmış, yeni ədəbi cərəyanın formalaşmasında dövrünün görkəmli şairi və dövlət xadimi kimi şöhrət tapan Molla Pənah Vaqifin yaradıcılığının həlledici rol oynadığını vurğulamış, Azərbaycan şeir dilinin inkişaf edib zənginləşməsində böyük rolu olmuş sənətkarın ədəbi irsi haqqında danışmışlar.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, bədii qiraətçi Zülfiyyə İsmayılova şairin şeirlərini səsləndirmiş, Xalq Ozanı, əslən Borçalı mahalından olan aşıq Selahattin Dündar şairin sözlərinə bəstələnmiş mahnıları ifa etmişdir.
Tədbirə qatılan həmyerlilərimiz, Türkiyədə təhsil alan gənclər, xüsusilə əslən Qazaxdan olan həmyerlimiz və b. tədbirdən çox təsirləndiklərini söyləmiş, konfransın sonunda hər kəsə təşəkkürlərini bildirmişlər.